Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Rusiya Federasiyasının Həştərxan vilayətində yad edilmişdir.
12 dekabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Həştərxan şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə keçirilmiş anım mərasimində Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, o cümlədən Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.Afanasyev, Həştəxan şəhərinin merinin müavini, iş adamları, diaspor təmsilçiləri, “AMOR”-un Həştərxan bölməsinin üzvləri, ictimaiyyət nümayəndələri, bu şəhərdə yaşayan həmvətənlərimiz və tələbələrimiz iştirak etmişlər.
Anım mərasimində çıxış edənlər Ulu öndər Heydər Əliyevin əziz və dahi şəxsiyyət olduğunu vurğulamış, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışmışlar. Natiqlər iqtisadiyyatımızın, elm, təhsil və mədəniyyətimizin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalamış, respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün Ulu Öndərin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan hökuməti tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın müxtəlif ölkələrinə səpələnərək yaşamağa məcbur olmuş azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər dünya azərbaycanlılarının təşkilatlanmasına və onların müstəqil vətənləri Azərbaycan ətrafında sıx birləşmələrinə nail olmuş, dekabrın son gününün dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsinin əsasını qoymuşdur.
Mərasimin sonunda Ümummilli lider Heydər Əliyevin əziz və parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül çələngləri və tər çiçəklər qoyulmuşdur.
Eyni zamanda həmin gün Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə ilk dərslər Ümummilli liderin anım gününə həsr olunmuş, məktəbin foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, akt zalında məktəb kollektivinin və şagirdlərinin iştirakı ilə anım mərasimi keçirilmişdir.