Milli Qəhrəman Əliyar Əliyevin anadan olmasının 55 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
14 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin Nərimanov rayon şöbəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin anadan olmasının 55 illik yubileyi münasibəti ilə onun ali təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilmişdir.
Tədbirdən öncə Milli Qəhrəmanın əziz xatirəsini ehtiramla yad etmək üçün onun yaşadığı binadakı barelyefi onünə gül dəstələri düzülmüşdür.
Tədbirə qatılan Milli Qəhrəmanın yaxınları və döyüş yoldaşları onun şərəflə sürdüyü həyat və döyüş yolundan söz açmış, bir qarış Vətən torpağını belə düşmənə verməmək naminə yüksək hərbi bacarığı, cəsurluğu və iğidliyi sayəsində böyük nailiyyətlərlə başa vurduğu qeyri-bərabər savaşda canını fəda edərək şəhidlik zirvəsinə ucaldığını bildirmişlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev bu ali təhsil ocağının məzunu olan Milli Qəhrəman Əliyar Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında daim qəlblərdə yaşayan ölməz qəhrəmanlıq nümunəsi olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə həmçinin, Milli Qəhrəmanın döyüş yolundan bəhs edən film nümayiş etdirilmiş, şagirlərin ifasında ona həsr edilmiş şerlər səsləndirilmiş, musiqiçi və hərbçi Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları oxunmuşdur.
Xatirə görüşündə Milli Qəhrəmanın yaxınları və döyüş yoldaşları, Rayon İcra Hakimiyyəti, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri, tələbələr iştirak etmişlər.