Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və məşqçilərə mükafatların təqdimetmə mərasimində iştirak etmişdir.
Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə idmanın inkişafındakı xidmətlərinə görə Namiq Abdullayevə, Məmməd Eyvazova, Rəhman Hətəmova, Ceyhun Məmmədova Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları təqdim edildi.
Respublikamızda idmanın inkişafında xidmətləri olan Yaşar Allahverdiyevə, Fikrət Südeifzadəyə və Ramiz Yusifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verildi.
Sonra Olimpiya Oyunları çempionları Valeri Belenkiyə, Toğrul Əsgərova və Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi barədə dövlətimizin başçısının Sərəncamı oxundu.
Dövlətimizin başçısı Toğrul Əsgərova və Şərif Şərifova MOK-un “Olimpiya” ordenini təqdim etdi.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafındakı xidmətlərinə görə Eldar Qazıbəyov, Zaur Paşayev və Sadiq Heydərov MOK-un prezidentinin fəxri fərmanı ilə təltif olundular.
Daha sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini təqdim etdi.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova medalların hazırlanması üzrə tanınmış mütəxəssis İvan Kopıtkinin müəllifi olduğu ulu öndər Heydər Əliyevin barelyefini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev bir daha idmançıları təbrik etdi, onlara işlərində uğurlar arzuladı.