Nərimanov rayonunda “Azərbaycan Könüllülük Həftəsi”nə start verilib.
Nərimanov rayonunda “Azərbaycan Könüllülük Həftəsi”nə start verilib.
02 dekabr 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində rayonun fəal könüllüləri ilə görüş keçirilib.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının nümayəndəsi Şəfiqə Hənifəyeva, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “Bakı Avrasiya” Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, “Odlar Yurdu” Universitetinin Mətbuat Xidmətinin rəhbəri Günay İmanova, “Loqos” Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin İçtiami Birliyinin Gənclər şöbəsinin rəhbəri Ümidə Rəhimova, “GələcəkSƏN” Təlim və İnkişaf proqramının təsisçisi Rəşad Bayramov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, müavinləri və fəal üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bütün iştirakçıları salamladı və qeyd etdi ki, gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, son illərdə Respublikamızda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirak etməsi, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.
Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etdi ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyətidir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu gün ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir. İ. Mahmudova qeyd etdi ki, Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə hazırladığı “Azərbaycan Könüllülük Həftəsi”nin tədbirlər planına əsasən 1-9 dekabr 2019-cu il tarixlərdə müxtəlif mövzularda tədbirlər, idman yarışları, konsert proqramları təşkil olunacaq.
Daha sonra çıxış edən Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının nümayəndəsi Şəfiqə Hənifəyeva, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “Bakı Avrasiya” Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, “GələcəkSƏN” Təlim və İnkişaf proqramının təsisçisi Rəşad Bayramov və digər gənclər qeyd etdilər ki, gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hislərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hislərin birlikdə təzahürüdür. Bu gün könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT-lər, daha dəqiq desək gənclər təşkilatları ətrafında birləşiblər. Məlumdur ki, hazırda ölkədə 200-dən artıq gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var və onların ətrafında minlərlə gənc könüllü olaraq layihələr cəlb olunurlar. Bu da ölkəmizdə də gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutduğunu və bu sahəyə maraq olduqca böyük olduğunu göstərir.
Sonda ölkəmizdə keçirilən beynəlxalq tədbir və yarışlarda yüksək könüllülük fəaliyyəti nümayiş etdirdiyinə, rayonun ictimai, sosial və mədəni həyatında fəal iştirak etdiyinə görə və “Könüllülük həftəsi”nin başlanması münasibətilə bir qrup gənc könüllü Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar ilə təltif olunmuşlar.