Antiterror əməliyyatları zamanı şəhid olan Həmidli Mikayıl Vüqar oğlunun məzarı ziyarət olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və İcra Hakimiyyətinin məsul şəxsləri şəhid Mikayıl Həmidlinin məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Qəhrəman şəhidimiz Həmidli Mikayıl Vüqar oğlu 44 günlük Vətən müharibəsində iştirak etmiş, Suqovuşan, Talışkənd, Ağdərə, Füzuli istiqamətində gedən döyüşlərdə cəsarətlə vuruşmuşdur. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Vətən müharibəsində əldə olunan parlaq zəfərdən sonra Həmidli Mikayıl Vüqar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirlərində də fəal iştirak etmişdir. O, Ağdərənin Papravənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Həmidli Mikayıl Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi yüksək peşəkarlıq, şücaət və mərdliyə görə ölümündən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Mikayıl Həmidlinin xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






