Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə 08 may 2024-cü il tarixində Excelsior Baku otelinin inzibati binasında “Əmək Yarmarkası” təşkil olunmuşdur.
Tədbirdə Nərimanov RİH-in, Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. Əmək Yarmarkasında 25 müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş (əməkhaqqı 345-1200 manat) 398 sayda yeni iş yeri vətəndaşlara təqdim olunmuşdur.
İşəgötürənlər tərəfindən təqdim olunmuş vakansiyalara uyğun gələn vətəndaşların dəvət olunması istiqamətində təhsil müəssisələri, yerli icra orqanları, assosiasiyalar və ictimai birliklərlə iş aparılmış, həmçinin Bakı RMF tərəfindən MEİS-də qeydiyyatda olan işsiz və işaxtaran şəxslər də daxil olmaqla 109-dək vətəndaşın iştirakı təmin olunmuşdur. Cəlb edilmiş şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.