Nərimanov Rayon İcra Hakimiyyətində "Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 27.02.2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.9-cu bəndinin icrası ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qurumun işçilərinin iştirakı ilə "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir çərçivəsində mövcud qanunvericilik, qanunun əhatə dairəsi, etik davranış qaydalarının əsas prinsip və məqsədləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik davranışa təsir edən amillər barədə danışılmış, həmçinin etik davranış qaydalarına əməl olunmasına nəzarət, bu qaydaların pozulmasına görə məsuliyyət və digər mövzularla bağlı ətraflı məlumat verilmişdir.
Eyni zamanda 2022-ci il ərzində Nərimanov Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları aşkar olunmadığına görə intizam tənbehi tədbirləri tətbiq olunmadığı da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı və tabeli qurumları üzrə ümumilikdə 35 nəfər iştirak edib. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcəkdir. Qanunvericiliklə müəyyən edilmiş etik normalar üzrə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması nəzərdə tutulmuşdur.