Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.

19 may 2023 | 17:20

19 may 2023-cü il tarixində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) təlimçi-ekspertləri tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.

Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.

Təlimi giriş nitqi ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Muradova qonaqları salamlayaraq İnstitutun aktual mövzular ətrafında təşkil etdiyi  bu cür təlimləri yüksək dəyərləndirdiyini və gələcəkdə bu əməkdaşlığın davamlı olacağına ümid bəslədiyini vurğulayıb.

İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova Institutun  fəaliyyət istiqamətlərindən xəbər vermiş və təlimin məqsədləri haqqında təlim iştirakçılarına məlumat vermişdir.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və  “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzusunda təqdimatla çıxış etmişdir. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi, həmçinin QHT-lərlə əməkdaşlıq, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunmuş, bu barədə ətraflı məlumat vermişdir.

Təlimçi Gülnaz Ələsgərova “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək Avropa Konvensiyasının 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 34-cü (Fərdi şikayətlər) maddələri barədə ətraflı şərh vermiş, eyni zamanda icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı statistik rəqəmləri təlim iştirakçılarının diqqətinə çatdırmışdır.

Digər təlimçi Nəzrin Əliyevanın təqdimatında “Korrupsiya və rüşvət nədir?”, “Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri” və “Korrupsiya ilə əlaqədar yerli və beynəlxalq qanunvericilik” mövzuları dolğun izah  olunmuşdur.

Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılmış, mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış, həmçinin, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması doldurulmuşdur. Sonda təlimdə iştirak edən icra hakimiyyəti nümayəndələrinə sertifikatlar təqdim olunmuşdur.

Keçidlər