Nərimanov rayonunda “15 May – Beynəlxalq Ailə Günü” qeyd olunub.
Nərimanov rayonunda “15 may – Beynəlxalq Ailə Günü” ərəfəsində ailə dəyərlərinin təbliği və cəmiyyətin diqqətinin ailə institutunun möhkəmləndirilməsinə yönəldilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə ağsaqqallar, gənc ailələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İradə Muradova bildirib ki, ailə cəmiyyətin əsas sütunlarından biri olmaqla, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin sağlam mühitdə formalaşmasında mühüm rol oynayır. Eyni zamanda vurğulayıb ki, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, sevgi və məsuliyyət hissinin aşılanması uşaqların düzgün tərbiyə olunmasına, onların vətənpərvər və milli dəyərlərə bağlı şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.
Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və digər natiqlərin maraqlı çıxışları ilə davam etmişdir.








