Nərimanov rayonunda 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar tədbir keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar facəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev, Aparatının məsul şəxsləri, rayon ağsaqqallar şurasının sədri, 20 yanvar şəhidlərinin ailə üzvləri, əlillər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüş Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra qanlı 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə “20 Yanvar” hadisəsinin xalqımızın müstəqillik, istiqlal və azadlıq uğrunda apardığı mübarizənin zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğu bildirilib. Qeyd olunub ki, həmin dövrdə Ümummilli Lider Heydər Əliyev ona olunan təhhdidlərə baxmayaraq, sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi gücləndirilib.
Tədbirdə iştirak edən 20 Yanvar Şəhid ailələrinin və əlillərinin problemləri dinlənilib. Onlar ölkə rəhbərliyi tərəfindən göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.








