Nərimanov rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi, RİH başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin və ağsaqqallar şurasının sədrləri, 20 yanvar şəhidlərinin ailə üzvləri, əlillər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun və erməni hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Qeyd olunub ki, faciənin səhəri günü, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici KİV-lər qarşısında sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi gücləndirilib.
Tədbirdə iştirak edən 20 Yanvar Şəhid ailələrinin və əlillərinin problemləri dinlənilib, onlar 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz tərəfindən daim hörmətlə anıldığını bildirərək, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.