Nərimanov rayonunda növbəti səyyar qəbul baş tutub
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev rayon sakinlərinin iştirakı ilə növbəti səyyar qəbul keçirib. Təfəkkür Universitetində baş tutan görüşdə RİH başçısı Aparatının məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda çıxış edən icra başçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaratdığını bildirib. İcra başçısı həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, festivalların əhəmiyyətindən söz açaraq qeyd edib ki, bu kimi tədbirlərin Azərbaycanın dünyada tanıdılmasında müstəsna rolu var, bütün bunlar Respublikamızın gələcəkdə qazanacağı zəfərlərdən, uğurlardan xəbər verir.
Qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilib, müraciətlərin bir qismi yerindəcə həll olunub, qaldırılan məsələlərin qısa müddətdə həlli istiqamətində əlaqədar müvafiq tapşırıqlar verilib, həlli vaxt və araşdırma tələb edən məsələlər nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.