Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu 35 saylı musiqi məktəbində sakinlərlə səyyar qəbul keçirib. Görüşdə rayon rəhbərliyi, RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə keçirilən tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən söz açaraq bildirib ki, bu gün ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində dünyada gedən mürəkkəb proseslərə, iqtisadi böhrana baxmayaraq Azərbaycan inkişaf edir, ölkəmizdə stabillik və əminamanlıq qorunub saxlanılır. Respublikamız bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir, energetika sektorunda nəhəng layihələr həyata keçirilir, sosial yönümlü islahatlar aparılır.
Daha sonra sakinlərin müraciət, təklif və şikayətləri fərdi qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.