Nərimanovda sakinlərlə görüş keçirilib.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə S.C. Pişəvəri adına humanitar fənlər gimnaziyasında səyyar qəbul keçirib.
Keçirilən görüşdə rayon rəhbərliyi, RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, ağacların budanması, bəzi dam örtüyündə yaranan problemin aradan qaldırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədilə yerlərdə təşkil olunan səyyar qəbullara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.