Sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
Nərimanov Rayon İcra Hakimiyyətində “Azərsu” ASC ilə birgə su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, içməli sudan qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması, həmçinin su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə görüş keçirilib.
Görüşdə sudan səmərəli istifadə, qeyri-qanuni qoşulma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə edilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev hazırda su ehtiyatlarından səmərəli istifadənin qlobal çağırış olduğunu xatırladaraq, son illər quraqlıq səbəbindən ölkəmizdə su ehtiyatlarının azaldığını diqqətə çatdırıb. Qeyd edib ki, sudan səmərəli istifadə hər bir vətəndaş üçün vacib məsələdir və belə hallara qarşı mübarizə tədbirlərində yerli icra orqanları da fəal iştirak etməli və xidmət təşkilatlarına lazımi dəstək göstərilməlidir.
“Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov bildirib ki, su itkilərinin, israfçılığın və sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Artıq bu istiqamətdə yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət gücləndirilib.
Bundan əlavə, görüşdə İçməli sudan səmərəli istifadənin təmin olunması, israfçılığın qarşısının alınması, qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətində işçi qrupun yaradılması qərara alınıb. İşçi qrupunda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi icra nümayəndələri, Nərimanov Rayon Sukanal İdarəsinin əməkdaşları təmsil olunacaqlar.