Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, baş-leytenant, şəhid Azad Hümbətovun əziz xatirəsi yad edilib.

24 yanvar 2024 | 19:29

Müqəddəs Qarabağ torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant,  şəhid Azad Hümbətovdur.

Tank tağımı komandiri olan Qəhrəmanımız Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını qənimət kimi ələ keçirmişdi. Döyüşlər zamanı tankı ilə minaya düşən Azad Hümbətov yaralanmasına baxmayaraq döyüş yoldaşını kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qatılan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, icra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 28 yaşı tamam olan qəhrəman şəhidimiz Azad Hümbətovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun  xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər