Vətən müharibəsi qəhrəmanı, polkovnik Zaur Nudirəliyevin əziz xatirəsi yad olundu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi.
Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, polkovnik, şəhid Zaur Nudirəliyevdir. Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində düşmənin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində bütün uçuşlarını uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində ağır yaralandı, buna baxmayaraq o təyyarəsinin tərk etmədi. Zaur Nudirəliyev təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırparaq, çoxlu sayda düşməni məhv etdi və şəhidlik zirvəsinə yüksəldi.
Zaur Nudirəliyev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə". medalları ilə təltif olunmuşdur.
1 sentyabr tarixində Nərimanov rayon rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Zaur Nudirəliyevin doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin gələcək nəsillərə nüunə olduqlarını, onların əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Şəhid ailəsi üzvləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.