Vətən müharibəsi Qəhrəmanı, şəhid kapitan Surxay Əbdül oğlu Noçuyevin xatirəsi anılıb.
Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. Surxay Noçuyevin Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
9 noyabr tarixində Nərimanov İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidin ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid kapitan Surxay Noçuyevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin gələcək nəsillərə nümunə olduqlarını, onların əziz xatirəsinin daim Azərbaycan Xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Şəhid ailəsi üzvləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevayə öz minnətdarlıqlarını bildirmişlər.






