Vətən Müharibəsi Qəhrəmanı, şəhid, kapitan Surxay Noçuyevin xatirəsi anılıb.
Torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid, kapitan Surxay Əbdül oğlu Noçuyevdir.
Vətən Müharibəsi zamanı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Surxay Noçuyev komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Surxay Noçuyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" medalı, "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
19 dekabr tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidin ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri 37 yaşı tamam olan qəhrəmanımız şəhid, kapitan Surxay Noçuyevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin gələcək nəsillərə nümunə olduqlarını, onların əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Şəhid ailəsi üzvləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.








