Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin xatirəsi anılıb.

02 noyabr 2025 | 18:58

Torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, pilot şəhid, polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevdir.

Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi hərbi bazaya çırpmış, çoxlu sayda düşməni məhv etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Zaur Nudrəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2 noyabr tarixində Nərimanov İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Namiq İslamzadə, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, şəhidin ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid polkovnik Zaur Nudirəliyevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin gələcək nəsillərə nümunə olduqlarını, onların əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Şəhid ailəsi üzvləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər