Vətən Müharibəsi şəhidi Şəhriyar Qasımovun əziz xatirəsi yad edilib.
Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Şəhriyar Vəzir oğlu Qasımovdur. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov təşkilatını sədri Elçin Quliyev, şəhidin ailə üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidimiz Şəhriyar Qasımovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Şəhriyar Qasımovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.








