Vətən müharibəsi şəhidi, Sinan Məhəmməd oğlu Məmmədovun ailəsi ziyarət olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov YAP təşkilatının sədri Elçin Quliyev şəhidimiz Sinan Məmmədovun ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Torpaqlarımızın işğaldan azad olunması, tarixi Zəfərin qazanılması uğrunda böyük şücaət göstərərək canını Vətən yolunda fəda edən igidlərimizdən biri də şəhid Sinan Məmmədovdur. Sinan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sinan Məmmədov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Görüş zamanı Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.
Şəhid Sinan Məmmədovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.








