Görülmüş işlər üzrə hesabat
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci illər ərzində görülmüş işlər üzrə hesabat
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, Rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, Rayon İcra Hakimiyyətinin hesabatlarının İnternet səhifəsində açıqlanması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının hər həftənin çərşənbə axşamı günü RİH inzibati binasında keçirilən qəbullarında, ayda dörd dəfədən az olmamaqla yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. 2021-2022-ci illərdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nərimanov rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
RİH-in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Nərimanov rayonunda yaşayan şəhid ailələrinə, I Qarabağ və Vətən Müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə dəstək aksiyaları keçirilmişdir.
Hesabat dövrü ərzində dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir. Antikorrupsiya məsələləri üzrə əməkdaşlarla fərdi söhbətlər aparılmış, treninq, müşavirə keçirilmiş və hazırda da bu işlər davam etdirilir.
Vətəndaşlar üçün RİH-in rəsmi saytında http://narimanov-ih.gov.az/az/feedback.html və Rəqəmsal İcra Hakimiyyəti elektron sistemi vasitəsi ilə https://rih.gov.az/citizen-perception elektron qaydada müraciət etmək və qəbula yazılmaq şəraiti yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim olunmuşdur.