Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində aparılan təmir işləri yekunlaşıb.
Təmir işləri sözügedən küçənin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən 910 metr uzunluğa malik olan hissəsində icra olunub.
Təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin, həmçinin yol ayrıcının bərpası, yeni səki daşlarının düzülməsi işləri icra olunub. Daha sonra küçənin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.