Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs

14 oktyabr 2020 | 16:00

Humanitar atəşkəs

Tarix boyu bütün müharibələrin gedişində humanitar atəşkəs elan olunmuşdur. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Oktyabr ayının 9-da Rusiyanını vasitəçiliyi ilə elan olunmuş humanitar atəşkəs, 11 saat ərzində davamlı olaraq aparılan mürəkkəb və gərgin danışıqların nəticəsində əldə olunmuşdur. Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo mütləq siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
Bildiyiniz kimi, bütünlükdə bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gərir məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək, ölkəmizə qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı bu yolla zərərsizləşdirilir. 
Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox desəydi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.
Prezident İ. Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, peşəkarlıq, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İ, Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir. Prezident qəti və məntiqli diplomatik gedişlərlə artıq bütün regionun geo-siyasi mənzərəsini dəyişir.
28 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri, həmçinin  Ermənistanı da qane edirdi. Lakin Azərbaycanı qane etmədiyi üçün status-kvonu özü dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi və hərbi-strateji əhəmiyyəti vardır.
Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır.
Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür. Prezident İ. Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq etdi.
İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə aparırlar.
Eyni zamanda bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı. Qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.
Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayır. Bu isə Ermənistana diplomatik təzyiqlərin artmasını qaçılmaz edir. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.

Nərimanov Rayon Ağsaqqalar Şurasının sədri Həsənov Miri

Keçidlər