Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində "Bizim böyük Qələbəmiz" kitabının təqdimat mərasimi keçirilib

17 fevral 2022 | 16:00

17 fevral 2022-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin “Regional İnkişaf” İctimai Birliyi ilə birgə layihəsi olan, məktəblilər üçün nəzərdə tutulmuş "Bizim böyük Qələbəmiz" kitabının təqdimat mərasimi keçirilib.  Mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, rayonun təhsil və digər sahələrini əhatə edən idarə, müəssisə və təşkilatların rəhbərləri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak edib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində qüdrətli dövlətə çevrilən Azərbaycanın Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanmasının aparılan davamlı və köklü islahatların, yürüdülən uğurlu praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.
Nəfis tərtibatda hazırlanan "Bizim böyük Qələbəmiz" kitabı barədə məlumat verərək onun ölkəmizin müasir Zəfər tarixinin şagirdlər tərəfindən aydın qavranılması və təhlilində xüsusi roluna toxunan İ.Muradova, müasir gəncliyin yüksək səviyyədə yetişdirilməsi və məktəblərdə müşahidə olunan vətənpərvərlik ruhunun sabaha olan inamı daha da artırdığını qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn "Bizim böyük Qələbəmiz", “Böyük Qayıdış”, “Vətən müharibəsinin tarixi” və digər nəşrlərin hər biri barədə tarixi faktlara söykənərək ətraflı məlumat verib, əldə olunan tarixi Zəfərin mənəviyyat və insanlığın erməni faşizmi üzərində böyük qələbəsi olduğunu vurğulayıb. Natiq, 26 yanvar 2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində adıçəkilən qurumla AMEA Tarix İnstitutunun birgə layihəsi olan "Böyük Qayıdış" kitabının təqdimat mərasimində orta məktəblərdə Qarabağ həqiqətləri, Şanlı Qələbəmiz, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı verilən tövsiyələrin artıq öz bəhrəsini verdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, tədbirin məqsədi xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və dövlətimizin başçısının dəmir iradəsi, sarsılmaz qətiyyəti sayəsində 44 gün ərzində Vətən savaşında əldə edilən tarixi Zəfərin əhəmiyyətinin təhsil ocaqlarında şagirdlərə əyani şəkildə çatdırılması, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaətinin gələcək nəsillərə aşılanmasıdır.
Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant şəhid Azad Hümbətovun atası, Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbərov və digər natiqlər kitabın bütün məktəblilər tərəfindən sevilərək böyük maraqla mütaliə edəcəkləri masaüstü kitaba çevriləcəyinə əminlik ifadə ediblər.
Eyni zamanda kitabın, yeniyetmə və gənclərimizin burada əks olunan tarixi şəxsiyyətlər və sərkərdələrimizin şəhid və qazilərimizin ruhunda tərbiyə olunması, burada əks olunan tarixi şəxsiyyətlər və sərkərdələrimizin fədakarlığı, Zəfərin əldə edilməsindən sonra Azərbaycanı regionda və dünyada öz sözünü qürurla diktə edən lider dövlətə çevrilməsinə zəmin yaradan tarixi faktların və reallıqların, həmçinin müasir qəhramanlıq nümunələrinin öyrənilərək mənimsənilməsi, bu tarixi Qələbədən sonra formalaşan qalib ruhlu yeni cəmiyyətin davamlı olaraq inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Ölkə rəhbərinin daim öz çıxış və nitqlərində xüsusilə vurğuladığı "Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır”  fikirləri rəhbər tutularaq, kitabın məktəblilərin geniş istifadəsi üçün rayonun bütün ümumtəhsil müəssisələrinə və kitabxanalara paylanacağı bildirilib.

Keçidlər