Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

13 yanvar 2016 | 16:00

13 yanvar 2016-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2014-cü fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak edib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabatla çıxış edərək qeyd edib ki, Bakı şəhərində müasir infrastrukturların yaradılması, burada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, paytaxtda müsbət dəyişikliklər davam edir, şəhərimizin  siması günü-gündən gözəlləşir və müasirləşir.
Bu dəyişikliklər Nərimanov rayonunda bütün sahələr üzrə öz əksini tapmış, son illər ərzində bir sıra əhəmiyyətli işlər, geniş miqyaslı abadlıq-quruculuq işləri və irimiqyaslı layihələr həyata keçirilmişdir.
Paytaxtımızın sürətlə inkişaf edən rayonlarından olan Nərimanov rayonunun 3 nömrəli sahə inzibati ərazi dairəsində hazırda 72861 nəfər əhali yaşayır və yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 21225-dir. 
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi öz fəaliyyətini İcra Hakimiyyəti Başçısının  tapşırıqlarını yerinə yetirmək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək İcra Hakimiyyəti Başçısına təkliflər vermək , ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyə, qeyri-hökümət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaqdan ibarətdir.
Hesabat dövründə  nümayəndəliyin ərazisində Rayon İcra Hakimiyyəti başçısının 11 səyyar görüş və qəbulları keçirilmişdir. Keçirilən səyyar görüş və qəbullar zamanı  997 sakin iştirak etmiş və 102  müraciət qeydə alınmışdır. Edilən müraciətlər təhlil edilərək müvafiq tədbirlər görülmüşdür. Respublikanın bütün bölgələrində və o cümlədən Nərimanov rayonunda aparılan irimiqyaslı quruculuq və abadlıq işləri çərçivəsində bir çox köhnə istismar müddəti keçmiş binalar sökülərək, yerində müasir, milli memarlıq üslubunda binaların tikilməsi həyata keçirilir..
Əhalinin enerji daşıyıcıları və içməli su ilə fasiləsiz təminatı məqsədilə ərazinin müxtəlif ünvanlarında magistral xətlər yenilənmişdir. Kanalizasiya təsərüffatının yaxşılaşdırılması  ilə əlaqədar müxtəlif ünvanlarda magistral kanalizasiya boruları yenisi ilə əvəz olunmuşdur. Hazırda ərazidə yaşayan sakinləri narahat edən problemlər öyrənilir, qeydə alınır və onların həlli istiqamətində İcra Hakimiyyəti başçısına müvafiq təkliflər hazırlanır.       
2015-ci ildə Milli Məclisə Seçkilərlə  əlaqədar daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatlar dəqiqləşdirilmiş, nümayəndəliyin ərazisində fəaliyyət göstərən 20 saylı Nərimanov ikinci Dairə Seçki Komissiyasının və Məntəqə Seçki Komissiyalarının yerləşdiyi  inzibati binalara tərəfimizdən baxış keçirilmiş və təmir bərpa işlərinə ehtiyacı olan binalar barədə Rayon İcra Hakimiyyəti Başçısına təkliflər hazırlanaraq təqdim olunmuşdur. Həmin binalar Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun daxili imkanları hesabına təmir edilmişdir. 
Reklam və elanlarda Azərbaycan dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə nümayəndəlik tərəfindən ərazidə fəaliyyət göstərən şirkət və obyekt sahibləri ilə izahat işləri aparılmış, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə zidd olaraq, reklamları xarici dillərdə yazılmış ticarət və digər obyekt sahiblərinə xəbərdarlıq edilmiş və qanunun tələblərinə ciddi əməl edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Hesabat dövründə nümayəndəlikdə kargüzarlıq işləri Azərbaycan Respublikası  Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq həyata keçirilmişdir. 2015-cü ildə nümayəndəliyə Rayon İcra Hakimiyyəti Başçısının  aparatından 22 məktub, 11 sərəncam daxil olmuşdur. Rayon İcra  İcra Hakimiyyətinin Başçısının nümayəndəsinin qəbulunda 90 nəfər olmuş və rayon İcra Hakimiyyətinin 1643 nömrəli “Qaynar Xətt”indən 57 zəng daxil olmuşdur. Qəbula gələn vətəndaşlar tərəfindən  əsasən maddi köməklik edilməsi, torpaq sahəsinin ayrılması, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı müraciətlər  olmuşdur. Müraciətlərin əksəriyyəti  səlahiyyətlərimiz çərçivəsində öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar  vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının Aparatından daxil olan məktub və sərəncamlar vaxtı-vaxtında icra olunmuşdur. Qaynar xəttdən daxil olan şikayətlər tərəfimizdən ciddi nəzarətə götürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi geniş və çoxşaxəli siyasi kursun yerlərdə təbliği ilə əlaqədar məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası  Prezidentinin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin operativ qaydada əhaliyə çatdırılması məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş qrafikə uyğun olaraq,  rayonun idarə və müəssisə rəhbərləri, ziyalı və ağsaqqallarından ibarət təbliğat qrupu ərazinin müxtəlif müəssisə və təşkilatlarında, həmçinin əhalinin mədəni-kütləvi tədbirlər otağında sakinlərin iştirakı ilə  görüşlər keçirmişdir. Keçirilmiş 16 görüşdə ümumilikdə 1559 nəfər iştirak etmişdir. Bu tədbirlərdə qeyd olunan müraciətlər nəzarətə götürülmüş və həll olunmuşdur. 
Daha sonra yığıncaqda çıxış edən sakinlər hesabatla bağlı təklif və fikirlərini bildirmiş, müzakirələr apaılmışdır.

Keçidlər