Azərbaycan
Milli Qəhrəmanlarımız
Milli Qəhrəmanlarımız
Fəxrəddin Musa oğlu Musayev
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan
olmuşdur.
1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə barelyefi vurulub.
Koroğlu İsmayıl oğlu Rəhimov
Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.
1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir.
1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur.
1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.
Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı.
13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ keçirmişdilər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub[2].
Gültəkin Məlik qızı Əsgərova
Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. O, 1992-ci il aprelin 4-də cəbhəyə könüllü yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı:
Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı...
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı.Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarı bülübül var idi 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.[2]
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur
Rizvan Rəhman oğlu Teymurov
16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçularkəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına yazılmışdır.
Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.
Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.
Şahlar Əvəz oğlu Şükürov
17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı.
O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.
Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.
Əliyar Yusif oğlu Əliyev
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir.Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır.1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur.Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdankeçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər.Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəst təşkil edir.Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi.Lakin o, təvazökarlıq göstərib komandir olmur.1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.
Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu.
Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və Yerevan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı.Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.
1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi.Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişmişdilər.
1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu” əməliyyatında iştirak edib. Qarabağ müharibəsi qazisi Sadiq Paşayevin sözlərinə görə, Azərbaycan əsgərləri iki rayonun arasındakı yolu kəsib, əlaqəyə girmələrinə mane olurduq.Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanmışdı.Azərbaycan əsgərləri iki qrup idi – bir bölük və təxminən 40-45 nəfər ibarət olan bir tağıƏməliyyat bir gün çəkdi və ermənilər 80-dən çox canlı qüvvə və bir neçə texnika itirdi. GorusunŞurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar.Azərbaycan qüvvələrində bir-iki yüngül yaralı var idi və itki verməmişdi.
Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.
Əliyar Əliyev Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olmuş və 2004 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdır.
Bakının Nərimanov rayonundakı küçələrdən biri onun adını daşıyır, orada qəhrəmanın büstü də ucalır.Masazırda onun adına məktəb, Sumqayıtda və Binəqədidə isə “Əliyar” adlı bulaqlar var.Sumqayıt şəhərində idman klubu və yaratdığı tabor onun adını daşıyır.Qubadlı rayonunda abidəsi qoyulub.
Onun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə Respublika turniri keçirilir.
Samir Zirəddin oğlu Xasıyev
Şəhid Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakultesinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəkişkildə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.
Samirin erməni qesbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak etmişdir.
Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv etmişdir. Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etməmişdir. İgidliyinə, şücaətine göre ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilmişdir. Müdafiə naziri şəxsən özü bu cəsur döyüşçünü mükafatlandırmışdır. Samirin qoluna Azərbaycan ordusu Saatı bağlamışdır.
Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində oldu. Ölümündən sonra qorxmayan Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas etmişdir. Həmin döyüşdə kontuziya almışdır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 ( on min) manat pul mükafatı verdilər və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərdilər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytinant rütbəsi verildi. Az müddət ərzində özünə məxsus bir bölük yaratdı.
1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu "Hərbi Xidmətlərinə görə" medalına təqdim etmişdir.
Leytenant tağım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində oldu. 17.03.1995-ci ildə Samir Dövlət Çevrilişinin qarşısını alarkən qəhrəmancasına Şəhid oldu.
Ona 04.04.1995-ci il tarixli fərman ilə ən yüksək ad Azərbaycanın Mlli Qəhrəmanı adı verildi.
Nərimanov rayonunda sabiq Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.
Samiri ikinci Şəhidlər Xiyabanında dəfn ediblər.
Kamil Balədə oğlu Nəsibov
8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.
1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağcabədi rayonunda dəfn edilmişdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.
Zabit Adil oğlu Quliyev
6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışır. 1993-cü il Milli Orduya çağırılır.
Zabit cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində rəşadətlə vuruşmuşdu. Zabit çox tez bir zamanda hörmət qazanmışdı. Erməni faşistlərini zirehli texnikalarını dəfərəlrə sıradan çıxarmışdı. Təkcə Seysulankəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını alova bürüdü. Zabit bu çətin günlərdən sağ-salamat çıxa bildi. Mahir atıcının adı elləri gəzirdi. Onun həyatı Azərbaycan gəncləri üçün məktəbdir, əsl əsgər manifestidir.
Zabit Quliyevə “Azərbaycanın Milli Qəhrəman” adı 19 yaşında verilib. Ürəyi daima Vətən eşqilə döyünən Milli Qəhrəmanımız bu gün də əvvəlki əzmlə döyüşərək doğma torpaqlarımızı işğaldan azad edib, Qarabağda üçrəngli bayrağımızı sancmağa hazırdır.