İcra Hakimiyyəti
Dövlət satınalmaları
Dövlət satınalmaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. avans təminatı – avansdan məqsədli təyinatı üzrə istifadə olunmadıqda, satınalma müqaviləsinin icrasına başlanılmadıqda və ya satınalma müqaviləsi icra edilmədikdə, qalib təchizatçının əvvəlcədən ona edilmiş ödənişlərin qaytarılacağına dair satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat;
1.1.2. benefisiar mülkiyyətçi – “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsində nəzərdə tutulan şəxs;
1.1.3. çərçivə sazişi – dövri və ya təkrar tələb olunan, eyni zamanda həcminin və ümumi qiymətinin əvvəlcədən tam müəyyənləşdirilməsi mümkün olmayan müvafiq satınalma predmetinin bir büdcə ili ərzində satın alınması şərtlərini müəyyənləşdirən, satınalan təşkilatla tələblərə uyğun olan iki və ya daha çox təchizatçı arasında bağlanan saziş;
1.1.4. dövlət satınalmalarının vahid internet portalı (bundan sonra – portal) – nəzarət orqanı tərəfindən fəaliyyəti təşkil edilən və idarə olunan, satınalmanın elektron qaydada keçirilməsini təmin edən, habelə bu Qanunda nəzərdə tutulan digər məqsədlər üçün istifadə edilən dövlət satınalmalarının vahid informasiya sistemi;
1.1.5. etibarsız təchizatçı – bu Qanunun 16-cı maddəsinə əsasən riskli hesab olunan və etibarsız təchizatçıların reyestrinə daxil edilmiş təchizatçı;
1.1.6. gözləmə müddəti – təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət;
1.1.7. xidmətlər – mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti;
1.1.8. icra təminatı – qalib təchizatçının satınalma müqaviləsinin icrası üçün satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat;
1.1.9. işlər – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş və seysmik tədqiqatlar;
1.1.10. qarant – təchizatçının təklifinə, satınalma müqaviləsinin icrası üzrə təminatlarına və digər ödəniş sənədlərinə qarantiya verən maliyyə institutu;
1.1.11. qeyri-rezident – Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.6-cı maddəsində nəzərdə tutulan şəxs;
1.1.12. maliyyə vəsaiti – Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri, dövlət adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və digər dövlət müəssisə və təşkilatların (idarələrin) vəsaitləri, habelə dövlət vəsaitinə aid edilməyən, lakin satınalan təşkilatın sərəncamında olan bütün pul vəsaitləri;
1.1.13. mallar – satış, mübadilə və dövriyyənin digər formaları üçün nəzərdə tutulmuş hər hansı maddi və ya qeyri-maddi əmlak;
1.1.14. məxfi məlumatlarla əlaqəli satınalma – özündə məxfi məlumatları ehtiva edən, satınalan təşkilata bu məlumatların qorunması üçün müəyyən tələblərin irəli sürülməsinə və tədbirlərin görülməsinə hüquq verən satınalma;
1.1.15. nəzarət orqanı – Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.16. sadə satınalma müqaviləsi – satınalan təşkilatla çərçivə sazişinin tətbiqi ilə keçirilən satınalmanın ikinci mərhələsində seçilən təchizatçı arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
1.1.17. satınalan təşkilat – satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri);
1.1.18. satınalma – satınalma predmetinin bu Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına əldə edilməsi;
1.1.19. satınalma komissiyası – satınalan təşkilat tərəfindən yaradılan, onun adından satınalmanı keçirən və nəticəsi barədə qərar qəbul edən müvəqqəti işçi qrup;
1.1.20. satınalma metodu – satınalmanın keçirilməsi üçün bu Qanunun 7-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq olunan açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu;
1.1.21. satınalma müqaviləsi – qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı (bundan sonra – qalib təchizatçı) ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
1.1.22. satınalma planı – satınalan təşkilat tərəfindən bu Qanunun 18-ci maddəsinə uyğun olaraq tərtib edilən, bir büdcə ili ərzində təşkil ediləcək satınalmalar barədə məlumatı əks etdirən və portalda yerləşdirilən sənəd;
1.1.23. satınalma predmeti – bu Qanuna əsasən satın alınan mallar, işlər və ya xidmətlər;
1.1.24. satınalma güzəşti – təkliflər qiymətləndirilərkən, yerli mənşəli satınalma predmeti üzrə təqdim edilən təkliflərin xeyrinə idxal olunan eyni satınalma predmeti üzrə təklif olunan qiymətlərə bu Qanunun 33.14-cü maddəsində müəyyən edilmiş qaydada tətbiq edilən güzəştli düzəliş;
1.1.25. şərtlər toplusu – satınalan təşkilatın hazırladığı, satınalma şərtlərini əks etdirən və satınalma komissiyası tərəfindən təsdiq olunduqdan sonra təchizatçılara təqdim edilən sənəd;
1.1.26. təchizatçı – satınalan təşkilatla bağlanacaq və ya bağlanmış satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial və ya real tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birliyi;
1.1.27. təklifin təminatı – təchizatçının təklifi (kotirovka sorğusu metodu üzrə təklif istisna olmaqla) üçün satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat;
1.1.28. uyğunluğa dair sənədlər toplusu – satınalan təşkilatın hazırladığı, təchizatçıların uyğunluq göstəricilərinə dair tələbləri əks etdirən və uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildiyi hallarda satınalma komissiyası tərəfindən təsdiq olunduqdan sonra təchizatçılara təqdim edilən sənəd.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu Qanunun 3.2 – 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir.
3.2. Bu Qanun aşağıdakı malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:
3.2.1. yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər;
3.2.2. kreditlərin alınması;
3.2.3. qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlər;
3.2.4. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
3.2.5. notariuslar tərəfindən aparılan notariat hərəkətləri;
3.2.6. büdcədənkənar dövlət fondlarının vəsaitlərinin investisiyaya yönəldilməsi (yerləşdirilməsi), habelə investisiya məqsədli aktivlərin alınması, satılması, dəyişdirilməsi, saxlanılması, yerləşdirilməsi və (və ya) idarə edilməsi ilə bağlı xidmətlər;
3.2.7. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 65-1-ci maddəsində nəzərdə tutulmuş mallar, işlər və ya xidmətlər;
3.2.8. müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər;
3.2.9. bu Qanunun 3.11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlər.
3.3. Beynəlxalq təşkilatların verdiyi vəsaitlər hesabına satınalmalar bu təşkilatlarla bağlanılan müqavilədə ayrı qayda nəzərdə tutulduğu halda həmin müqavilədə razılaşdırılmış qaydada həyata keçirilir.
3.4. Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
3.5. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada birbaşa hakimlərin bank hesabına köçürülür.
3.6. Bu Qanunun müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
3.7. Lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan müqavilə əsasında idarəetməyə verilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində idarəetmə müqaviləsində müəyyən olunan qaydada həyata keçirilir.
3.8. Bu Qanunun 3.9-cu və 58-ci maddələrinin tələbləri istisna olmaqla, bu Qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək) olan satınalmalara şamil edilmir.
3.9. Bu Qanunun 3.8-ci maddəsində göstərilən halda satınalan təşkilat müvafiq satınalmalarla bağlı müqavilə imzalandıqdan sonra 3 (üç) iş günü ərzində bu Qanunun 38.11-ci maddəsinə uyğun olaraq müvafiq məlumatı portalda yerləşdirir.
3.10. Bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri tərəfindən həmin maddəyə uyğun olaraq malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş kommersiya hüquqi şəxsləri üzrə onların müşahidə şuraları (direktorlar şuraları), digər kommersiya hüquqi şəxsləri üzrə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həmin kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən təsdiq edilir.
3.11. Bu Qanunun 3.2.9-cu maddəsində nəzərdə tutulan müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 4. Dövlət satınalmalarının əsas prinsipləri
4.1. Dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.1.1. maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi;
4.1.2. satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi;
4.1.3. bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi.
Maddə 5. Təchizatçıların satınalmalarda iştirakı
5.1. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı Azərbaycan Respublikasında keçirilən satınalmalarda iştirak edə bilər.
5.2. Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu Qanunun 5.1-ci maddəsinə əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.
5.3. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
Maddə 6. Satınalmalarda maraqlar toqquşması
6.1. Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:
6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;
6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;
6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
6.2. Aşağıdakı şəxslər satınalmalar zamanı satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi, kənar məsləhətçisi və ya satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola, o cümlədən satınalmaya dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər:
6.2.1. təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan şəxslər;
6.2.2. keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər.
6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş hallar aşkar edildikdə satınalma komissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırır və həmin satınalma ilə bağlı komissiyada iştirak etmir.
6.4. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrinin müddəaları ehtimal olunan qiymətlərin hesablanması zamanı satınalan təşkilat tərəfindən sorğu verilmiş və qiymətlər barədə məlumat alınmış təchizatçılara şamil olunmur.
6.5. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində qeyd olunan məlumatlar nəzarət orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilir.
6.6. Satınalan təşkilat bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində qeyd olunan məlumatları təchizatçıların təqdim etdiyi sənədlər (məlumatlar), dövlət orqanlarının (qurumlarının) rəsmi internet səhifələri və digər etibarlı, müstəqil mənbələr vasitəsilə yoxlayır.
Maddə 7. Satınalmalarda saxtakarlıq halları
7.1. Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanunun 35-ci maddəsinə uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.
7.2. Satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müqavilə bağlandıqdan sonra müəyyənləşdirdikdə satınalan təşkilat bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.
Maddə 8. Məxfilik (konfidensiallıq)
8.1. Məhkəmənin, nəzarət orqanının, Azərbaycan Respublikasının Hesablama Palatasının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır.
8.2. Satınalma kağız daşıyıcıda həyata keçirildikdə, satınalan təşkilat təqdim olunan təkliflərə yalnız onların açılmasından sonra baxır və həmin müddətədək bu təkliflərin tamlığını, bütövlüyünü və konfidensiallığını qoruyur.
8.3. Məxfi məlumatlarla əlaqəli satınalma zamanı satınalan təşkilat təchizatçılardan və onların subpodratçılarından məxfi məlumatların qorunmasını və mühafizəsini tələb edir.
Maddə 9. Davranış kodeksi
9.1. Satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və portalda yerləşdirilir. Davranış kodeksində azı aşağıdakılar əks olunur:
9.1.1. satınalmalarda maraqlar toqquşmasının aradan qaldırılması;
9.1.2. satınalmalara cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi;
9.1.3. satınalmalara cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən edilən məsuliyyəti, peşə hazırlığı və onun yoxlanılması prosedurları.
9.2. Satınalma komissiyası formalaşdırıldığı zaman komissiyanın hər bir üzvü, o cümlədən onları əvəz edən şəxslər davranış kodeksi ilə tanış olur və bu barədə müvafiq iltizamı imzalayır.
Maddə 10. Təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi
10.1. Satınalan təşkilatla təchizatçılar arasında keçirilən görüş zamanı iştirak haqqını ödəmiş bütün təchizatçılar üçün bərabər iştirak imkanları yaradılır və görüşün nəticələri protokolla rəsmiləşdirilir. Protokol nəzərə alınmaq üçün iştirak haqqını ödəmiş bütün təchizatçılara həmin gün göndərilir və portalda yerləşdirilir.
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan görüşlər videomüşahidə vasitələrinin nəzarəti altında aparılır. Həmin videomüşahidə vasitələrinin qeydə aldığı videoyazı satınalan təşkilat tərəfindən azı 6 (altı) ay müddətində saxlanılır və nəzarət orqanının müraciətinə əsasən 3 (üç) iş günü ərzində təqdim edilir.
10.3. Satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqlar aparılması və görüşlərin keçirilməsi qadağandır. Təqdim edilmiş təkliflə əlaqədar satınalan təşkilatla təchizatçı arasında danışıqlar aparılmasına yol verilmir.
10.4. Uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.
Maddə 11. Sənədlərin və məlumatların təqdim edilməsi formaları
11.1. Satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə bu Qanunda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunur.
11.2. Portal vasitəsilə keçirilən satınalmalar zamanı bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan sənədlər (məlumatlar) yalnız portal vasitəsilə göndərilir.
11.3. Bu Qanunun 15.3-cü maddəsinə əsasən satınalma kağız daşıyıcılarında həyata keçirildikdə bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan sənədlər (məlumatlar) kağız daşıyıcılarında göndərilir.
11.4. Dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təchizatçı tərəfindən təmin edilir.
Maddə 12. Satınalmalarda sənədləşdirilmənin aparılması dili
12.1. Satınalan təşkilat tərəfindən satınalmalara dair sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.
12.2. Satınalma komissiyasının qərarı ilə satınalmalara dair sənədlər xarici dillərdən birinə (bir neçəsinə) tərcümə oluna bilər. Bu halda, satınalmalara dair sənədlər arasında ziddiyyət yaranarsa, Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmuş sənədlərə üstünlük verilir.
12.3. Qeyri-rezident təchizatçılar tərəfindən sənədlər (məlumatlar) uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda nəzərdə tutulduqda həmin xarici dildə təqdim oluna bilər.
Maddə 13. Valyuta növü
13.1. Təchizatçılar (qeyri-rezident hüquqi və fiziki şəxslər istisna olmaqla) təkliflərində qiymətləri Azərbaycan Respublikasının pul vahidi – manatla göstərməlidirlər.
13.2. Qeyri-rezident hüquqi və fiziki şəxslərin təklifləri şərtlər toplusunda müəyyən edilmiş xarici valyuta ilə göstərildikdə, təkliflərin təqdim edilməsinin son gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.
2-ci fəsil
Dövlət satınalmalarına nəzarət
Maddə 14. Dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri
14.1. Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini nəzarət orqanı həyata keçirir.
14.2. Nəzarət orqanının satınalma sahəsində dövlət nəzarəti ilə bağlı aşağıdakı səlahiyyətləri vardır:
14.2.1. satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək;
14.2.2. satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək;
14.2.3. satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək;
14.2.4. satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək;
14.2.5. satınalma predmetinin həcminin (miqdarının) 10 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək;
14.2.6. bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək;
14.2.7. satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək;
14.2.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək.
14.3. Satınalma müqaviləsi bağlananadək nəzarət orqanı aşağıdakı hallarda satınalan təşkilata bu Qanunun 14.4-cü maddəsi ilə müəyyən edilmiş tədbirlərdən birini və ya bir neçəsini tətbiq edir:
14.3.1. satınalmaların bu Qanunun tələbləri pozulmaqla keçirilməsinə dair təchizatçıların əsaslandırılmış müraciəti olduqda və araşdırma zamanı həmin müraciətdə göstərilənlər təsdiqini tapdıqda;
14.3.2. keçirilən satınalma ilə bağlı təqdim olunan sənədlərdə bu Qanunun tələblərinin pozulduğu aşkar edildikdə;
14.3.3. portalda satınalan təşkilatın keçirilən satınalma ilə bağlı bu Qanunun tələblərinə zidd hərəkət və ya hərəkətsizliyi aşkar edildikdə.
14.4. Bu Qanunun 14.3-cü maddəsində göstərilən hallarda nəzarət orqanı aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini tətbiq edir:
14.4.1. satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik) etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək;
14.4.2. satınalan təşkilatın qanunazidd inzibati aktını “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq ləğv etmək;
14.4.3. satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd hərəkətini (hərəkətsizliyini) dayandırmaq;
14.4.4. satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd qərarını ləğv etmək və yeni qərar qəbul etmək və ya satınalan təşkilatın əvəzinə öz qərarını qəbul etmək;
14.4.5. təkliflərin yenidən qiymətləndirilməsi və ya satınalmanın ləğv edilməsi barədə qərar qəbul etmək.
14.5. Bu Qanunun 14.4-cü maddəsinə uyğun olaraq verilən qərarda onun əsasları və icra müddəti müəyyən edilir.
14.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 14.2.7-ci maddəsində nəzərdə tutulmuş hesabatı hər il martın 31-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Maddə 15. Dövlət satınalmalarının vahid internet portalı
15.1. Bu Qanunun 15.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.
15.2. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun keçirilməsi və ya təkliflərin cəlb edilməsi barədə elanlar portalda yerləşdirilir.
15.3. Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir.
15.4. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa satınalmalarla bağlı bütün prosedurlar, o cümlədən dəvətlərin, bildirişlərin və müqavilələrin göndərilməsi portal vasitəsilə həyata keçirilir.
15.5. Portal haqqında əsasnamə və elektron satınalmanın keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
15.6. Bu Qanunun 3.9-cu, 14.2.7-ci, 18-ci, 36.3-cü və 38.11-ci maddələrinə əsasən portalda yerləşdirilən məlumatlar, habelə bu Qanunun 15.2-ci, 24.2-ci, 26.1-ci və 45.4-cü maddələrinə əsasən dərc edilən elanlar bütün şəxslər üçün açıqdır.
15.7. Bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri azı bu Qanunun 14.2.7-ci, 18-ci, 38.11-ci, 15.2-ci, 24.2-ci və 26.1-ci maddələrində müəyyən edilən məlumatları və elanları özlərinin rəsmi internet səhifəsində yerləşdirməlidirlər.
Maddə 16. Etibarsız təchizatçılar
16.1. Təchizatçılar bu Qanunun 35.1.4-cü, 35.1.10 – 35.1.12-ci maddələrində qeyd olunan hallarda həmin halların aşkar edildiyi gündən 5 (beş) iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 (on beş) iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.
16.2. Bu Qanunun 16.1-ci maddəsində qeyd olunan hallar nəzarət orqanı tərəfindən aşkar edildikdə təchizatçılar nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.
16.3. Etibarsız təchizatçılar nəzarət orqanı tərəfindən etibarsız təchizatçıların reyestrinə daxil edilirlər və bu barədə məlumatlar portalda yerləşdirilir.
16.4. Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.
3-cü fəsil
Satınalmaların təşkili
Maddə 17. Satınalma mərhələləri
17.1. Satınalma aşağıdakı mərhələlərdən ibarətdir:
17.1.1. satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi;
17.1.2. satınalma komissiyasının formalaşdırılması;
17.1.3. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunun hazırlanması və bununla bağlı elan verilməsi (dəvət göndərilməsi);
17.1.4. şərtlər toplusunun hazırlanması;
17.1.5. təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi);
17.1.6. təkliflərin qəbulu və açılması;
17.1.7. təkliflərin qiymətləndirilməsi;
17.1.8. satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi;
17.1.9. çərçivə sazişi tətbiq edildikdə, çərçivə sazişinin bağlanması;
17.1.10. təklifin akseptinə dair bildirişin və imzalanması üçün satınalma müqaviləsinin təchizatçıya təqdim edilməsi;
17.1.11. təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması, satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatının və (və ya) avans təminatının təqdim edilməsi;
17.1.12. satınalan təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanması və satınalma müqaviləsinin qüvvəyə minməsi;
17.1.13. satınalmaya dair hesabatın hazırlanması.
17.2. Bu Qanunun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalan təşkilat satınalmanın təşkilinə köməklik göstərilməsi üçün müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.
Maddə 18. Satınalmaların planlaşdırılması
18.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinə təqdim edildikdən sonrakı 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) növbəti ilin dövlət büdcəsinin layihəsinə uyğun olaraq satınalan təşkilata aid dövlət büdcəsinin göstəriciləri və xərclərinin bölgüsü barədə məlumatları satınalan təşkilata göndərir və satınalan təşkilat həmin məlumatlar əsasında 5 (beş) iş günü ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat cari ilin oktyabr ayının 25-dən gec olmayaraq, növbəti il üçün müəyyən etdiyi tələbata uyğun) ilkin satınalma planını hazırlayaraq təsdiq edir və portalda yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.
18.2. İlkin satınalma planı qüvvədə olan müddətdə satınalan təşkilat bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulan göstəricilər əsasında satınalma prosedurlarına başlayaraq, bu Qanunun 20-ci, 23–26-cı maddələrinə uyğun olaraq satınalma komissiyasını formalaşdıra, satınalma predmetini müəyyənləşdirə, şərtlər toplusunu hazırlaya, təkliflərin cəlb edilməsi barədə elan verə (dəvət göndərə), təklifləri qəbul edə və təkliflərin açılması proseduru istisna olmaqla digər satınalma prosedurlarını həyata keçirə bilər.
18.3. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən sonrakı 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) satınalan təşkilat üçün təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri və xərclərinin bölgüsü barədə məlumatları satınalan təşkilata göndərir və satınalan təşkilat həmin məlumatlar əsasında 3 (üç) iş günü ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən sonra 3 (üç) iş günündən gec olmayaraq) ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və portalda yerləşdirir. Bu Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş təkliflər dəqiqləşdirmə aparılmış satınalma planı təsdiq edildikdən və portalda yerləşdirildikdən sonra açılır.
18.4. Cari ildə yaradılan satınalan təşkilat onun saxlanması üçün müvafiq qaydada vəsait ayrıldıqdan sonra 1 (bir) ay ərzində cari il üçün satınalma planını hazırlayaraq təsdiq edir və portalda yerləşdirir.
18.5. Bu Qanunun 3.8-ci maddəsi satınalan təşkilatları planlaşdırılması mümkün olan satınalmalar üzrə satınalma planını hazırlamaq öhdəliyindən azad etmir.
18.6. Satınalan təşkilatın yenidən təşkili, maliyyələşdirmə mənbələrində baş verən dəyişikliklər, eləcə də bazarda baş verən qiymət dəyişikliyi səbəbindən satınalan təşkilat ehtimal olunan qiymətin yenidən hesablanması zərurətinin yaranması səbəbindən ayda 1 (bir) dəfədən çox olmamaq şərtilə satınalma planında dəqiqləşdirmə apara bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəqiqləşdirmə aparılması haqqında qərar qəbul olunduqdan sonrakı 5 (beş) iş günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hallar əsaslandırılmaqla, portalda yerləşdirilir.
18.7. Nəzarət orqanı bu Qanunun 18.6-cı maddəsinə əsasən dəqiqləşdirmə aparılmış satınalma planlarına 10 (on) iş günü ərzində baxır. Dəqiqləşdirmənin əsaslı olmasını müəyyənləşdirmək məqsədilə nəzarət orqanı satınalan təşkilatdan həmin satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb edə bilər. Bununla bağlı edilən sorğulara satınalan təşkilat tərəfindən 5 (beş) iş günü ərzində cavab verilir. Nəzarət orqanı satınalma planında dəqiqləşdirmənin aparılmasına razılıq vermədikdə, bununla bağlı əsaslandırılmış qərar qəbul edir və satınalan təşkilata bu barədə 3 (üç) iş günü ərzində məlumat verir. Nəzarət orqanı 10 (on) iş günü ərzində müvafiq qərarı qəbul etmədikdə, dəqiqləşdirməyə razılıq verilmiş hesab olunur və satınalma planı portalda yenilənir.
18.8. Bu Qanunun 3.8-ci maddəsində göstərilən hallar istisna olmaqla, satınalan təşkilat satınalmanı yalnız təsdiq edilmiş satınalma planına uyğun olaraq təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı satınalma predmetinin satın alınmasına təcili tələbat yarandıqda, satınalan təşkilat əsaslandırılmış müraciətlə nəzarət orqanına müraciət edir. Nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra satınalan təşkilat həmin satınalma predmetinin satın alınmasını həyata keçirə bilər. Nəzarət orqanı bu maddədə qeyd olunan hallarla bağlı 3 (üç) iş günü ərzində qərar qəbul edir.
18.9. Satınalma planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada tərtib edilir. Satınalma planında satınalan təşkilatın adı, satınalma predmetinin adı, miqdarı (həcmi və ölçüsü), satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü, icra müddəti, satınalma metodu (bu Qanunun 44.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla) və ehtimal olunan qiymət barədə məlumatlar əks olunur.
18.10. Satınalma planında satınalma predmetinin qeyd olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları və onlardan istifadə qaydasına əsasən aparılır.
18.11. Bu Qanunun 18-ci maddəsinə uyğun olaraq satınalma planının portalda yerləşdirilməsi təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi) mənasını daşımır, satınalan təşkilatın üzərinə təklifləri cəlb etmək öhdəliyini qoymur, həmçinin təchizatçılara bununla əlaqədar hər hansı hüquq vermir.
18.12. Bu Qanunun 18.1 – 18.11-ci maddələrinin tələbləri məxfi məlumatlarla əlaqəli satınalmaya şamil edilmir.
Maddə 19. Ehtimal olunan qiymət
19.1. Satınalan təşkilat satınalma planını hazırlayarkən ehtimal olunan qiyməti hesablayır və təsdiq edir. Satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz (bir mənbədən satınalma metodu üzrə ehtimal olunan qiymətin hesablanması mümkün olmadığı hallar istisna olmaqla).
19.2. Satınalan təşkilat satınalma predmetinin ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar qiymətləndiricilər cəlb edə bilər.
19.3. Satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir.
19.4. Ehtimal olunan qiymətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 20. Satınalma komissiyasının formalaşdırılması
20.1. Satınalma komissiyasının tərkibi bu Qanunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.
20.2. Satınalan təşkilat satınalma komissiyasının fəaliyyətinin davamlılığını və satınalma komissiyasının iclaslarında yetərsayın mövcudluğunu təmin etməlidir.
20.3. Satınalma komissiyasına uyğunluğa dair sənədlər toplusunun və ya şərtlər toplusunun tərtib olunması, bu Qanunun 23.6-cı maddəsinə əsasən uyğunluq göstəricilərini təsdiq edən sənədlərə və təkliflərə baxılması, onların qiymətləndirilməsi məqsədilə bu Qanunun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla kənar məsləhətçilər (ekspertlər) cəlb edilə bilər.
Maddə 21. Satınalma komissiyasının məsuliyyəti
21.1. Satınalma komissiyasının sədri və digər üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidir.
21.2. Satınalma komissiyası bu Qanunun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar nəzarət orqanına müraciət edə bilərlər. Nəzarət orqanı satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, satınalma komissiyasının sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilir.
21.3. Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində təchizatçıya maddi zərər dəymişdirsə və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə portalda məlumat dərc edir.
Maddə 22. Satınalma predmetinin təsvirinə aid tələblər
22.1. Satınalma predmetinin təsviri onun özünəməxsus xüsusiyyətlərini (tərkibini), layihələri, planları, cizgiləri, eskizləri, sınaqları, sınaq üsullarını, qablaşdırmanı, markalamanı, etiketləməni, standartlaşmanı, sertifikatlaşdırmanı, şərti işarələri və terminləri əhatə edə bilər.
22.2. Satınalma predmetinin təsviri obyektiv, funksional və ümumi xarakter daşımalıdır. Təsvirdə satınalma predmetinin müvafiq texniki, keyfiyyət və istismar xüsusiyyətləri, habelə tətbiq edildikdə sınağına dair tələblər göstərilməli, bu zaman yalnız standart göstəricilərdən, tələblərdən, şərti işarələrdən və terminologiyadan istifadə olunmalıdır.
22.3. Satınalma predmetinin təsvirində hər hansı konkret əmtəə nişanına və adına, patentə, konstruksiyaya, modelə, istehsal mənbəyinə və istehsalçıya dair tələblər və ya istinadlar qeyd edilməməlidir. Satınalma predmetinin xüsusiyyətlərini təsvir etmək mümkün olmadıqda, konkret istinadın yanında “və ya ekvivalent” sözlərindən istifadə olunmalıdır.
22.4. Uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması bu Qanunun 18.10-cu maddəsinə əsasən müəyyən edilən təsnifat kodları üzrə aparılır.
22.5. Satınalan təşkilat tərəfindən yalnız normativ hüquqi aktların tələblərinə cavab verən satınalma predmetinin satın alınmasına yol verilir.
Maddə 23. Təchizatçıların uyğunluq göstəriciləri
23.1. Təchizatçıların uyğunluq göstəriciləri satınalma komissiyası tərəfindən bu Qanunun 23-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilir və qiymətləndirilir.
23.2. Təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir.
23.3. Təchizatçılara dair ümumi tələblər aşağıdakılardır:
23.3.1. satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
23.3.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
23.3.3. müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması;
23.3.4. məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi;
23.3.5. Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması:
23.3.5.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması;
23.3.5.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması;
23.3.5.3. son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;
23.3.6. təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
23.3.7. təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması;
23.3.8. bu Qanunun 6-cı maddəsinin tələblərinə cavab verməsi.
23.4. Təchizatçılara dair xüsusi tələblər aşağıdakılardır:
23.4.1. satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
23.4.2. satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması;
23.4.3. texniki imkanlarının və maddi-texniki bazasının olması;
23.4.4. müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.
23.5. Təchizatçıların uyğunluq göstəriciləri satınalma metodlarına aşağıdakı qaydada şamil olunur:
23.5.1. bu Qanunun 23.3-cü maddəsində qeyd olunan tələblər – satınalmanın bütün metodlarına;
23.5.2. bu Qanunun 23.4.1-ci maddəsində qeyd olunan tələblər – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin və xidmətlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna;
23.5.3. bu Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələblər – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna;
23.5.4. bu Qanunun 23.4.3-cü maddəsində qeyd olunan tələblər – işlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına;
23.5.5. bu Qanunun 23.4.4-cü maddəsində qeyd olunan tələblər – işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına.
23.6. Təchizatçıların uyğunluq göstəricilərini təsdiq edən sənədlər (bundan sonra – uyğunluq sənədləri) aşağıdakılardır:
23.6.1. bu Qanunun 23.3.1-ci maddəsində qeyd olunan tələb üzrə – təchizatçı fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, hüquqi şəxsin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın surəti;
23.6.2. bu Qanunun 23.3.2-ci maddəsində qeyd olunan tələb üzrə – lisenziya və (və ya) icazənin surəti;
23.6.3. bu Qanunun 23.3.3-cü maddəsində qeyd olunan tələb üzrə - daşınmaz əmlaka və nəqliyyat vasitələrinə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi sənədlər;
23.6.4. bu Qanunun 23.3.3-cü (daşınmaz əmlaka və nəqliyyat vasitələrinə münasibətdə istisna olmaqla), 23.3.8-ci, 23.4.1-ci, 23.4.3-cü və 23.4.4-cü maddələrində qeyd olunan tələblər üzrə – təchizatçının özü tərəfindən hazırlanmış arayış, məlumat və təsdiqedici sənədlər;
23.6.5. bu Qanunun 23.3.4 – 23.3.7-ci maddələrində qeyd olunan tələblər üzrə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi sənədlər;
23.6.6. bu Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında, maliyyə vəziyyəti barədə hesabatı və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış bütün fəaliyyəti dövrünü əhatə etməklə).
23.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 23.6.5-ci maddəsində qeyd olunan sənədləri təchizatçının müraciəti əsasında 2 (iki) iş günü ərzində təqdim edir. Bu Qanunun 23.6.5-ci maddəsində nəzərdə tutulmuş sənədlərin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
23.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 23.3.5-ci maddəsinə əsasən təqdim edilən sənəddə təchizatçının sahibkarlıq subyektlərinin hansı kateqoriyasına (mikro, kiçik, orta, iri) mənsub olması qeyd olunur.
23.9. Qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar uyğunluq sənədlərini Azərbaycan Respublikasında əldə edə bilmədiyi hallarda, həmin sənədləri qeydiyyatda olduğu ölkədən əldə edərək qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmaqla və ya onlara apostil verilməklə təqdim edirlər.
23.10. Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilən hallarda, satınalma komissiyası tərəfindən əsaslandırılmaqla uyğunluq sənədlərini təqdim etmiş təchizatçıdan satınalmanın istənilən mərhələsində həmin sənədlərin yenidən (bir dəfədən çox olmayaraq) təqdim edilməsi tələb oluna bilər. Bu cür tələb təklifin qüvvədə olma müddətinin bitməsinə 10 (on) iş günü qalanadək irəli sürülür və uyğunluq sənədlərinin yenidən təqdim edilməsi 5 (beş) iş günü ərzində həyata keçirilir.
23.11. Təchizatçının uyğunluq göstəriciləri barədə verdiyi qeyri-dəqiq və natamam məlumat satınalma komissiyasının tələbi ilə 3 (üç) iş günü ərzində aradan qaldırılmalıdır.
Maddə 24. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedura
24.1. Satınalma predmetinin mürəkkəbliyindən, xüsusiyyətlərindən və həcmindən asılı olaraq, satınalma komissiyası şərtlər toplusunu təqdim etməmişdən əvvəl təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunu keçirə bilər. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluq göstəricilərinə dair tələblər uyğunluğa dair sənədlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir. Satınalma elanı verildikdən sonra təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz.
24.2. Satınalma komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunu keçirirsə, bu barədə portalda elan dərc edir və uyğunluğa dair sənədlər toplusunu həmin elana əlavə edir. Elanda bu Qanunun 24.3.1-ci, 24.3.2-ci, 24.3.4-cü, 24.3.12-ci və 24.3.14-cü maddələrində qeyd olunan məlumatlar və satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri göstərilir. Uyğunluq sənədlərinin təqdim edilməsi üçün satınalma komissiyası tərəfindən azı 10 (on) iş günü müddət müəyyən edilir.
24.3. Uyğunluğa dair sənədlər toplusuna aşağıdakılar daxil edilir:
24.3.1. satınalan təşkilatın adı və ünvanı;
24.3.2. təchizatçıların satınalmada iştirakı dövlət mənsubiyyətinə görə məhdudlaşdırıldıqda, bu barədə məlumat;
24.3.3. bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma predmetinin adı, miqdarı, həcmi, təsviri, xüsusiyyəti, göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, icra qrafiki və son tarixi, habelə satınalma müqaviləsinin və çərçivə sazişi tətbiq ediləcəyi halda çərçivə sazişinin əsas şərtlərinin qısa xülasəsi;
24.3.4. uyğunluq sənədlərinin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı;
24.3.5. uyğunluq sənədlərinin hazırlanması və təqdim edilməsi haqqında təlimat;
24.3.6. təchizatçıların uyğunluğunun müəyyənləşdirilməsi üçün bu Qanunun 23.3-cü və 23.4-cü maddələrinə əsasən tətbiq olunacaq tələblər və istifadə olunacaq qiymətləndirmə meyarları və prosedurları;
24.3.7. tələb olunan uyğunluq sənədləri barədə məlumat;
24.3.8. şərtlər toplusunun təqdim olunacağı tarix, təkliflərin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı;
24.3.9. təchizatçıların sorğu vermələrinin üsulu, habelə bu mərhələdə satınalma komissiyasının onlarla görüş keçirmək niyyətinin olub-olmaması barədə məlumat;
24.3.10. məlumatların təqdim edilməsi formaları, habelə yazılı məlumatlarla və imzalarla əlaqədar bu Qanunda nəzərdə tutulmuş tələblərin təmin olunması üsulları;
24.3.11. məxfi məlumatlarla əlaqəli satınalma zamanı belə məlumatların qorunması üçün tələblər;
24.3.12. əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsinin soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə məlumatları;
24.3.13. satınalma komissiyasının təchizatçıları satınalmadan kənarlaşdırmaq və ya satınalmanı ləğv etmək hüququnun yaranmasına əsas olan hallar;
24.3.14. bu Qanunun 12-ci maddəsinə uyğun olaraq uyğunluq sənədlərinin hazırlanmalı olduğu xarici dil (dillər);
24.3.15. satınalma komissiyasının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ və proseduru;
24.3.16. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru ilə bağlı satınalma komissiyası tərəfindən bu Qanuna və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər tələblər;
24.3.17. bu Qanunun 23.10-cu maddəsinə əsasən uyğunluq sənədlərinin yenidən təqdim edilməsi halları və proseduru;
24.3.18. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna dair normativ hüquqi aktlara istinadlar.
24.4. Uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunda iştirak edən təchizatçılar bu Qanunun 24.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş müddətdə satınalma komissiyasına uyğunluq sənədlərini təqdim edir.
24.5. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, yalnız uyğunluq göstəricilərinə cavab verən təchizatçılar satınalmada iştirakı davam etdirə bilərlər.
24.6. Uyğunluq göstəricilərinə cavab verən təchizatçılara uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında bu Qanunun 33.6-cı maddəsində nəzərdə tutulmuş qərar qəbul olunduqdan sonra 10 (on) iş günündən gec olmayaraq şərtlər toplusu təqdim olunur. Bu müddət satınalma komissiyasının əsaslandırılmış qərarı ilə 20 (iyirmi) iş gününə qədər uzadıla bilər. Bu halda, şərtlər toplusu təchizatçılara göndərilən dəvətə əlavə edilir və təkliflərin cəlb edilməsi bu Qanunun 26-cı maddəsinə uyğun həyata keçirilir.
24.7. Satınalma komissiyası bu Qanunun 24.2-ci maddəsində nəzərdə tutulan elanı verməklə yanaşı, müvafiq təchizatçılara uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunda iştirak üçün dəvət göndərə bilər. Dəvətdə bu Qanuna əsasən elanda göstərilməli olan bütün məlumatlar əks etdirilir.
24.8. Uyğunluğa dair sənədlər toplusunun və uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında qərarın forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
24.9. Satınalma komissiyası tərəfindən əsaslandırılmaqla təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş təchizatçılardan bu Qanunun 23.10-cu maddəsinə əsasən öz uyğunluq göstəricilərinin yenidən təsdiq edilməsi tələb oluna bilər. Uyğunluq göstəricilərini yenidən təsdiq etməyən təchizatçı satınalmadan kənarlaşdırılır. Uyğunluq göstəricilərini yenidən təsdiq etmək haqqında sorğu almış və buna cavab göndərmiş hər bir təchizatçıya onun uyğunluq göstəricilərinin satınalan təşkilatı təmin edib-etməməsi barədə dərhal məlumat verilir.
Maddə 25. Şərtlər toplusu
25.1. Şərtlər toplusuna aşağıdakılar daxil edilir:
25.1.1. bu Qanunun 24.3.1-ci, 24.3.2-ci, 24.3.6-cı, 24.3.7-ci və 24.3.9 – 24.3.13-cü maddələrində qeyd olunan məlumatlar;
25.1.2. bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma predmetinin adı, miqdarı, həcmi, ətraflı təsviri, zəruri texniki və keyfiyyət xüsusiyyətləri (o cümlədən planlar, çertyojlar və eskizlər), göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, qrafiki və son tarixi;
25.1.3. təkliflərin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı;
25.1.4. təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat;
25.1.5. bu Qanunun 23.10-cu maddəsinə əsasən uyğunluq sənədlərinin yenidən təqdim edilməsi halları və proseduru;
25.1.6. təkliflərin formal tələblərə uyğun olduğunu məqbul hesab etmək üçün minimum göstəricilərini, habelə həmin göstəricilərin tətbiqi qaydaları;
25.1.7. imzalanacaq satınalma müqaviləsinin və çərçivə sazişi tətbiq ediləcəyi halda imzalanacaq çərçivə sazişinin layihəsi, habelə satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) qaydası və məbləği;
25.1.8. satınalma predmetinin, satınalma müqaviləsinin şərtlərinin və ya digər tələblərin alternativinə icazə verildikdə, bu barədə məlumat və alternativ təkliflərin qiymətləndirilməsi meyarları və prosedurları;
25.1.9. satınalma predmetinin ayrı-ayrı hissələri üzrə təkliflərin təqdim olunmasına icazə verildikdə, həmin hissələrin ətraflı təsviri;
25.1.10. satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi imkanı nəzərdə tutulduqda, bununla bağlı şərtlər;
25.1.11. təkliflərin qiymətinə satınalma predmetinin dəyərindən başqa, digər xərclərin (nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilə biləcəyi haqqında məlumat, təkliflərin qiymətinin hesablanması və ifadə olunması üsulu;
25.1.12. təkliflərin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar);
25.1.13. təkliflərin qiymətləndirilməsi zamanı istifadə olunan milli valyuta və digər valyutalarda ifadə olunan təkliflərin qiymətinin bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq müəyyən edilməsi qaydası barədə məlumat;
25.1.14. bu Qanunun 12-ci maddəsinə uyğun olaraq təkliflərin hazırlanmalı olduğu xarici dil (dillər);
25.1.15. bu Qanuna əsasən tələb olunan təklifin təminatı, icra təminatı və avans təminatının növünə, formasına, məbləğinə, müddətinə, qaranta və ya ehtimal olunan qiyməti 5 (beş) milyon manatdan yuxarı olan satınalmalara münasibətdə hər hansı qarantın verdiyi təminatı təsdiqləyən tərəfə (əgər tələb olunursa), habelə digər şərtlərə dair tələblər;
25.1.16. təkliflərin qüvvədə olma müddəti;
25.1.17. təkliflərin açılması yeri, tarixi və saatı;
25.1.18. təkliflərin qiymətləndirilməsi meyarları və prosedurları, qiymətləndirmə meyarlarının nisbi qiyməti (balı), habelə qiymətləndirmə zamanı üstünlük veriləcək hallar və bu üstünlüyün verilməsi qaydası;
25.1.19. subpodratçının cəlb edilməsinə yol verildikdə, subpodratçıya dair ona həvalə edilən işlərin (xidmətlərin) icra edilə bilinməsi üçün bu Qanunun 23.3-cü və 23.4-cü maddələrinə uyğun olaraq müəyyən edilən minimum göstəricilər;
25.1.20. təklifin akseptindən sonra satınalma müqaviləsinin qüvvəyə minməsi üçün müvafiq sənədlər və həmin sənədlərin təqdim edilməsi müddəti;
25.1.21. satınalma komissiyasının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ və qaydası, gözləmə müddəti və onun tarixləri barədə məlumat;
25.1.22. bu Qanunun 42-ci maddəsinin tələblərinə uyğun olaraq satınalma müqaviləsinin icra müddətində və satınalma müqaviləsinin məbləğində dəyişiklik edilməsi qaydaları;
25.1.23. tətbiq edildikdə, satınalma predmetinin sığortalanması şərtləri;
25.1.24. təkliflərin hazırlanması və təqdim olunması, habelə satınalmanın digər xüsusiyyətləri ilə bağlı satınalma komissiyası tərəfindən bu Qanuna və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər tələblər;
25.1.25. ödənilməli olan iştirak haqqının məbləği barədə məlumat;
25.1.26. şərtlər toplusuna dair normativ hüquqi aktlara istinadlar.
25.2. Satınalma komissiyası portalda təkliflərin cəlb edilməsi barədə elan dərc edir və şərtlər toplusunu həmin elana əlavə edir.
25.3. Bu Qanunun 25.1.4-cü, 25.1.6-cı, 25.1.8 – 25.1.10-cu, 25.1.13-cü və 25.1.17-ci maddələri bir mənbədən satınalma metoduna, bu Qanunun 25.1.8-ci, 25.1.10-cu maddələri və təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna şamil edilmir.
25.4. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə bu Qanunun 24.3-cü maddəsində göstərilən məlumatlar şərtlər toplusunda əks olunmur.
25.5. Şərtlər toplusunun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 26. Təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi)
26.1. Təkliflərin cəlb edilməsi barədə elanda bu Qanunun 24.3.1-ci, 24.3.2-ci, 24.3.12-ci, 25.1.3-cü, 25.1.14-cü və 25.1.25-ci maddələrində qeyd olunan məlumatlar və satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri göstərilir. Təkliflərin cəlb edilməsi barədə elan təkliflərin açılması günündən azı aşağıdakı müddətlərdən əvvəl portalda dərc edilir:
26.1.1. açıq tender metodu üzrə – ehtimal olunan qiymət 1 000 000 manatadək olduqda 15 (on beş) iş günü, 1 000 000 manatdan 10 000 000 manatadək olduqda 20 (iyirmi) iş günü, 10 000 000 manat və ondan çox olduqda 30 (otuz) iş günü;
26.1.2. iki mərhələli tender metodu üzrə (birinci mərhələnin təkliflərinə münasibətdə) – 40 (qırx) iş günü;
26.1.3. kotirovka sorğusu metodu üzrə – 10 (on) iş günü.
26.2. İki mərhələli tender metodunun ikinci mərhələsi üzrə təkliflərin cəlb edilməsi barədə dəvətin göndərilməsi bu Qanunun 46.5-ci maddəsinə uyğun həyata keçirilir.
26.3. Qapalı tender metodu üzrə təkliflərin cəlb edilməsi barədə dəvətin göndərilməsi bu Qanunun 26.1.1-ci maddəsində qeyd olunan məbləğlərə uyğun müddətlərdə həyata keçirilir.
26.4. Bir mənbədən satınalma metodu üzrə təkliflərin cəlb edilməsi barədə dəvətin göndərilməsi müddəti satınalma komissiyasının mülahizəsinə əsasən müəyyən edilir.
26.5. Satınalma komissiyası bu Qanunun 26.1-ci maddəsində qeyd olunan elanı verməklə yanaşı, müvafiq təchizatçılara bununla bağlı dəvət göndərə, habelə beynəlxalq miqyasda yayılan mediada elan dərc edə bilər.
26.6. Bu Qanunun 26.5-ci maddəsinin tələblərindən asılı olmayaraq, satınalma predmeti yalnız məhdud sayda təchizatçılarda mövcud olduğu halda, satınalma komissiyası bu Qanunun 26.1-ci maddəsində qeyd olunan elanı verməklə yanaşı, həmin təchizatçılara bununla bağlı dəvət göndərməlidir.
26.7. Dəvətdə yalnız bu Qanunun 26.1-ci maddəsinə əsasən elanda göstərilməli olan məlumatlar əks etdirilir.
Maddə 27. Təchizatçılara izahat verilməsi və sənədlərdə dəyişikliklərin edilməsi
27.1. Təchizatçı uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda aydın olmayan hallarla bağlı uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 5 (beş) iş günü qalanadək satınalan təşkilata sorğu edə bilər. Satınalma komissiyası sorğunu aldıqdan sonra 2 (iki) iş günü ərzində sorğuya cavab verir. Sorğu və ona verilən cavab sorğu verənin gizliliyi təmin edilməklə həmin gün portalda yerləşdirilir.
27.2. Satınalma komissiyası bu Qanunun 10.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 3 (üç) iş günü qalanadək uyğunluğa dair sənədlər toplusuna və ya şərtlər toplusuna hər hansı təchizatçının sorğusu əsasında və ya texniki səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə öz təşəbbüsü ilə dəyişikliklər (satınalma predmetinin dəyişdirilməsi istisna olmaqla) edə bilər. Dəyişikliklər portal vasitəsilə bütün təchizatçılara göndərilir və bütün təchizatçılar üçün məcburi qüvvəyə malikdir.
27.3. Satınalma komissiyası uyğunluğa dair sənədlər toplusuna və ya şərtlər toplusuna dəyişikliklər etdiyi halda, uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddətini ən azı 5 (beş) iş gününədək uzadır.
27.4. Təchizatçının əsaslandırılmış müraciəti əsasında uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddəti 10 (on) iş gününədək uzadıla bilər.
27.5. Bu Qanunun 27.2 – 27.4-cü maddələri ilə müəyyən edilmiş hallarda uyğunluğa dair sənədlər toplusuna və ya şərtlər toplusuna dəyişikliklər edildikdə, habelə uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddətləri uzadıldıqda, satınalma komissiyası bu barədə həmin gün uyğunluğa dair sənədlər toplusunu və ya şərtlər toplusunu əldə etmiş təchizatçılara bildiriş göndərməklə portalda məlumat yerləşdirir.
27.6. Satınalma komissiyası uyğunluğa dair sənədlər toplusunun və ya şərtlər toplusunun izah edilməsi ilə bağlı təchizatçılarla görüş keçirə bilər. Görüşün nəticələri bu Qanunun 10.2-ci və 10.3-cü maddələrinə uyğun rəsmiləşdirilir.
4-cü fəsil
Təkliflərin qəbulu və açılması
Maddə 28. İstifadə haqqı və iştirak haqqı
28.1. Təchizatçılar tərəfindən satınalmalarda iştirakla əlaqədar portaldan istifadə etmək üçün istifadə haqqı ödənilir.
28.2. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunu əldə etmiş təchizatçılar uyğunluq sənədlərini təqdim etmək üçün iştirak haqqı ödəyirlər. Bu halda onlar təklifləri təqdim etmək üçün iştirak haqqı ödəmirlər.
28.3. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru, məxfi məlumatlarla əlaqəli satınalma və bir mənbədən satınalma metodu tətbiq edildiyi hallar istisna olmaqla, təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ödəyirlər.
28.4. İstifadə haqqı və iştirak haqqı portalı istismar etmək, təkmilləşdirmək və saxlamaq, portalın təhlükəsizliyini, digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər bazasının qorumasını təmin etmək, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi-texniki bazasını möhkəmləndirmək və elmi-texniki potensialını artırmaq məqsədilə portal vasitəsilə həmin portalın operatoruna ödənilir.
28.5. Ödənilmiş istifadə haqqı və bu Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır. Bu Qanunun 36.1.1-ci və 36.1.6-cı maddəsinə əsasən satınalma ləğv edildikdə satınalma planında nəzərdə tutulmuş həmin satınalma predmeti üzrə təkrar satınalma keçirildiyi təqdirdə iştirak haqqını ödəyən təchizatçıların təkrar ödəniş etmədən satınalmada iştirakı təmin edilir. Bu Qanunun 36.1.1-ci maddəsinə əsasən satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən iştirak haqqı geri qaytarılır.
28.6. Portaldan istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və bu Qanunun 28.4-cü maddəsinə uyğun olaraq ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 29. Təkliflərin təqdim edilməsi
29.1. Təchizatçı təqdim etdiyi təklifə uyğunluq sənədlərini, təklifin təminatını, habelə şərtlər toplusunda nəzərdə tutulduğu halda, subpodratçının müəyyən olunmuş tələblərə uyğun olması barədə sənədləri əlavə edir.
29.2. Təkliflər kağız daşıyıcılarda onların açılmasına ən geci 1 (bir) saat qalanadək, portal vasitəsilə isə onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatanadək satınalan təşkilata təqdim edilir. Təkliflərin təqdim olunması üsulu, yeri, son tarixi və saatı şərtlər toplusunda müəyyənləşdirilir.
29.3. Bu Qanunun 29.2-ci maddəsində qeyd olunan müddətdən gec təqdim olunan təklif qəbul edilmir. Həmin təklif kağız daşıyıcılarında təqdim olunduqda, açılmadan təchizatçıya qaytarılır və onun satınalmada iştirakına yol verilmir.
29.4. Təklif təchizatçı tərəfindən hazırlanaraq imzalanır, portal vasitəsilə təqdim olunma halları istisna olmaqla, qapalı və möhürlənmiş zərfə qoyulur.
29.5. Bu Qanuna əsasən kağız daşıyıcılarında təqdim olunan təkliflərdə bütün rəqəmlər həm də sözlə yazılır. Rəqəm və söz arasında fərq olarsa, söz ilə ifadə olunan məbləğ əsas götürülür.
29.6. Təchizatçıya tarixi və saatı göstərilməklə, real vaxt rejimində təklifin qəbul olunması barədə bildiriş təqdim edilir.
29.7. Hüquqi və fiziki şəxslər hər satınalma üzrə yalnız bir təchizatçı qismində iştirak edə və yalnız bir təklif təqdim edə bilərlər.
29.8. Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmamalıdır.
Maddə 30. Təklifin təminatı
30.1. Satınalma komissiyası təklifin təminatını ehtimal olunan qiymətin 1-3 faizi həcmində müəyyənləşdirir. Təklifin təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox olmalıdır.
30.2. Satınalma komissiyası qarant barəsində hər hansı tələbini, habelə təklif üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini şərtlər toplusunda göstərir. Aşağıdakı hallarda təchizatçının təklifinin təminatı geri qaytarılmır:
30.2.1. təchizatçı təkliflərin təqdim edilməsinin son müddəti bitdikdən sonra və ya təklifin qüvvədə olma müddəti bitənədək öz təklifini geri götürdükdə və ya dəyişdirdikdə;
30.2.2. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə;
30.2.3. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə.
30.3. Təklifin təminatı aşağıdakı hallarda dərhal geri qaytarılır:
30.3.1. satınalmada ilk üç yerdən birini tutmayan təchizatçılara – satınalmanın nəticələrinə dair yekun protokol təsdiq olunduqda;
30.3.2. satınalmada ikinci və üçüncü yerləri tutan təchizatçılara – qalib təchizatçı ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdə;
30.3.3. qalib təchizatçı istisna olmaqla, digər təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə;
30.3.4. bütün təchizatçılara – təkliflərin təqdim edilməsinin son müddəti bitməmişdən əvvəl təklif geri götürüldükdə və ya satınalma ləğv edildikdə;
30.3.5. təkliflərin qüvvədə olma müddətinin uzadılması təşəbbüsü ilə razı olmayan təchizatçılara – təkliflərin qüvvədə olma müddəti bitdikdə;
30.3.6. qalib təchizatçıya – satınalma müqaviləsi imzalandıqda və icra təminatı təqdim edildikdə.
Maddə 31. Təkliflərin qüvvədə olma müddəti, dəyişdirilməsi və geri götürülməsi
31.1. Təkliflərin qüvvədə olma müddəti şərtlər toplusunda müəyyənləşdirilir. Bu müddət təkliflərin açıldığı gündən sonra azı 30 (otuz) iş günü təşkil etməlidir.
31.2. Satınalma komissiyası ən çoxu təkliflərin ilkin qüvvədə olduğu müddət qədər təkliflərin qüvvədə olma müddətinin uzadılmasını təchizatçılardan tələb edə bilər. Təchizatçı təklifin təminatına olan hüququnu itirmədən satınalma komissiyasının belə tələbindən imtina edə bilər.
31.3. Təkliflərin qüvvədə olma müddətinin uzadılması tələbi ilə razılaşan təchizatçılar təklifin təminatının qüvvədə olma müddətinin bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla uzadılmasını və ya uzadılmış müddət üçün yeni təminatın verilməsini təmin edirlər.
31.4. Təchizatçı təkliflərin təqdim edilməsi müddəti bitənədək öz təklifini dəyişdirə və ya geri götürə bilər.
Maddə 32. Təkliflərin açılması qaydası
32.1. Təkliflər şərtlər toplusunda nəzərdə tutulan qaydada və daxil olduqları ardıcıllıqla açılır.
32.2. Təkliflər açılarkən hər bir təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), ünvanı, VÖEN-i, təklifinin qiyməti və təklifin təminatının məbləği və qüvvədə olma müddəti portalda dərc olunur.
32.3. Kağız daşıyıcılarda keçirilən satınalmalarda təchizatçı və ya onun səlahiyyətli nümayəndəsi təkliflərin açılışında iştirak edə bilər. Təklif təqdim etmiş, lakin təkliflərin açılışında iştirak etməyən təchizatçılara bütün təchizatçıların təkliflərinə dair elan olunmuş məlumatlar göndərilir. Təchizatçının və ya onun müvəkkilinin təkliflərin açılmasında iştirak etməməsi satınalma komissiyasının həmin təchizatçını satınalmadan kənarlaşdırmasına əsas vermir.
5-ci fəsil
Təkliflərin qiymətləndirilməsi və satınalma komissiyasının qərarları
Maddə 33. Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsi
33.1. Satınalma komissiyası uyğunluq sənədlərini (o cümlədən bu Qanunun 25.1.19-cu maddəsinə əsasən subpodratçının uyğunluq sənədlərini) və təklifləri uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda göstərilmiş meyarlara və prosedurlara əsasən qiymətləndirir. Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilməyən meyarlardan və prosedurlardan istifadə edilməsi qadağandır.
33.2. Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsini asanlaşdırmaq məqsədilə satınalma komissiyası təchizatçıdan təqdim etdiyi uyğunluq sənədlərinə və ya təkliflərə dair izahat tələb edə bilər. Təchizatçı bu cür izahatı 5 (beş) iş günü ərzində satınalan təşkilata təqdim edir.
33.3. Satınalma komissiyası bu Qanunun 33-cü maddəsinin tələblərini nəzərə almaqla, şərtlər toplusunda göstərilmiş tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab edir.
33.4. Təklifdə onun mahiyyətini dəyişdirməyən, şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərə, şərtlərə və başqa tələblərə əhəmiyyətli dərəcədə xələl gətirməyən, aradan qaldırılması mümkün olan kiçik texniki səhvlər və ya çatışmazlıqlar olduqda, həmin səhvlər və ya çatışmazlıqlar kəmiyyətcə ifadə olunur və satınalma komissiyası təklifi formal tələblərə uyğun təklif hesab edir.
33.5. Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların bu Qanunun 23.4.1-ci və 23.4.2-ci maddələrində qeyd olunan tələblərə uyğunluğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında qiymətləndirilir. İkimərhələli tender metodu üzrə təkliflərin qiymətləndirilməsi bu Qanunun 46.4 – 46.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
33.6. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, satınalma komissiyası uyğunluq göstəricilərinin qiymətləndirilməsinin nəticəsi haqqında uyğunluq sənədlərinin son təqdim edilməsi tarixindən sonra 10 (on) iş günündən gec olmayaraq qərar qəbul edir və qərar qəbul etdiyi gün bununla bağlı məlumatı portalda yerləşdirir, habelə uyğunluq göstəricilərinə cavab verməyən təchizatçılara 1 (bir) iş günü ərzində əsaslandırılmış qərarını bildirişlə göndərir.
33.7. Satınalma komissiyası bu Qanuna əsasən kağız daşıyıcılarda təqdim olunan təklifləri qiymətləndirərkən, aşkar olunan hesab səhvlərini düzəldir. Bu zaman satınalma predmetinin vahidinin qiyməti əsas götürülməklə, təchizatçının təklifinin ümumi qiymətində düzəliş edilir. Satınalma komissiyası hər hansı belə düzəliş barəsində təklifi vermiş təchizatçıya dərhal bildiriş göndərir.
33.8. Bu Qanunun 33.13-cü maddəsinə əsasən tətbiq edilən satınalma güzəşti nəzərə alınmaqla, aşağıdakı təklifi təqdim edən təchizatçı qalib təchizatçı sayılır:
33.8.1. kotirovka sorğusu metodu üzrə – tələblərə uyğun olan ən aşağı qiymət təklifini;
33.8.2. açıq tender, ikimərhələli tender və qapalı tender metodları üzrə – tələblərə uyğun olan ən aşağı qiymət təklifini və ya ən səmərəli təklifi.
33.9. Bir mənbədən satınalma metodunda tələblərə uyğun olan təklifi təqdim edən təchizatçı seçilir.
33.10. Satınalma komissiyası aşağıdakı hallarda təklif təqdim etmiş təchizatçılar arasından ikinci, bu mümkün olmadıqda üçüncü yeri tutanı qalib təchizatçı kimi seçə bilər:
33.10.1. bu Qanunun 23.10-cu maddəsinə əsasən tələb olunduğu halda, əvvəlki (birinci və (və ya) ikinci) yeri tutan qalib təchizatçı uyğunluq sənədlərini yenidən təqdim etmədikdə;
33.10.2. təklifin akseptinə dair bildirişi almış əvvəlki (birinci və (və ya) ikinci) yeri tutan qalib təchizatçı bu Qanunun 38.2-ci maddəsində müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə.
33.11. Satınalma komissiyası bu Qanunun 33.8.2-ci maddəsinə əsasən təklifi ən səmərəli təklif kimi qiymətləndirərkən yalnız satınalma predmetinin istismar, texniki xidmət və təmir xərclərini, onların göndərilməsi (görülməsi və ya göstərilməsi) müddətlərini, funksional xüsusiyyətlərini və zəmanət şərtlərini nəzərə alır.
33.12. Ən səmərəli təklif şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında müəyyən olunur.
33.13. Satınalma komissiyası təklifləri qiymətləndirərkən, yerli mənşəli satınalma predmeti üzrə təklifin xeyrinə 20 faizə qədər həcmdə satınalma güzəşti tətbiq edir. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunur. Satınalma güzəşti qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.
33.14. Satınalma güzəştinin tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 34. Satınalma komissiyasının qərarları
34.1. Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir.
34.2. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir. Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir.
34.3. Satınalma komissiyası bu Qanunun tələbləri nəzərə alınmaqla aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir:
34.3.1. uyğunluğa dair sənədlər toplusunun və (və ya) şərtlər toplusunun təsdiq edilməsi haqqında;
34.3.2. uyğunluğa dair sənədlər toplusuna və (və ya) şərtlər toplusuna (o cümlədən, təkliflərin cəlb edilməsi barədə elanın məzmununa) dəyişiklik edilməsi haqqında;
34.3.3. təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında;
34.3.4. satınalmanın ləğv edilməsi haqqında;
34.3.5. təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;
34.3.6. heç bir təklif satınalma predmetinin tam həcmdə icrasını təmin etmədikdə, bu zaman bir neçə təchizatçının hissəvi təkliflərinin cəmi bir təchizatçının təklifindən daha səmərəli və ya qiyməti daha aşağı olarsa, habelə satınalma predmetinin daha yüksək həcmdə icrasını təmin edərsə, satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında;
34.3.7. təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu Qanunun 31.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müddətin uzadılması haqqında.
34.4. Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır. Satınalma portal vasitəsilə keçirildikdə, qərarlar portalda yerləşdirildiyi andan 1 (bir) iş günü ərzində imzalanır.
34.5. Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər.
34.6. Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokol təsdiq olunması məqsədilə gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində (şikayət olduqda bu Qanunun 37.3-cü maddəsinə uyğun olaraq cavablandırdıqdan sonra 1 (bir) iş günü ərzində) nəzarət orqanına təqdim olunur.
34.7. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 5 (beş) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edir. Nəzarət orqanı yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı 1 (bir) iş günü ərzində portalda yerləşdirir. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur.
34.8. Yalnız yekun protokol təsdiq edildikdən sonra qalib təchizatçıya təklifin akseptinə dair bildiriş göndərilə və (və ya) satınalma müqaviləsi bağlana bilər, habelə çərçivə sazişi tətbiq ediləcəyi halda isə çərçivə sazişi bağlana bilər.
34.9. Satınalma portal vasitəsilə keçirildikdə, təkliflər onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatdıqdan dərhal sonra real vaxt rejimində qiymət təklifinin ardıcıllığına uyğun olaraq portal vasitəsilə elektron qaydada satınalma komissiyasına göndərilir. Komissiya təkliflərin qüvvədə olma müddətində təklifləri qiymətləndirir, yekun qərar qəbul edir və bu Qanunun 34.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla satınalan təşkilatın adından bu Qanunun 15.4-cü və 38-ci maddələrinə uyğun olaraq təklifin akseptinə dair bildiriş təqdim edir.
34.10. Satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 35. Təchizatçıların satınalmadan kənarlaşdırılması
35.1. Satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində aşağıdakı hallarda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir:
35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;
35.1.2. uyğunluq sənədlərinin yenidən təqdim edilməsi tələb olunduğu halda, təchizatçı uyğunluq sənədlərini bu Qanunun 23.10-cu maddəsində qeyd olunan müddət ərzində təqdim etmədikdə;
35.1.3. təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadıqda;
35.1.4. təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə;
35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə;
35.1.6. təchizatçı bu Qanunun 33.7-ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmadıqda;
35.1.7. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətdən yüksək olduqda;
35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda;
35.1.9. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə, habelə satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə;
35.1.10. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə);
35.1.11. təchizatçı satınalmanın istənilən mərhələsində bu Qanunun tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə, o cümlədən saxta sənəd və (və ya) məlumat təqdim etdikdə;
35.1.12. təchizatçı bu Qanunun 6.1-ci maddəsində qeyd olunan pozuntu hallarına yol verdikdə.
35.2. Bu Qanunun 35.1.7-ci maddəsində göstərilən hal istisna olmaqla, təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında qərar 1 (bir) iş günü ərzində nəzarət orqanına təqdim olunur. Nəzarət orqanı satınalma komissiyasının qərarını aldıqdan sonra 5 (beş) iş günü ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərar qəbul edir. Nəzarət orqanı 5 (beş) iş günü ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, qərar təsdiq edilmiş hesab olunur.
35.3. Bu Qanunun 35.1-ci maddəsində qeyd olunan hallar nəzarət orqanı tərəfindən müəyyən olunduqda, nəzarət orqanı həmin təchizatçıların satınalmadan kənarlaşdırılmasını satınalan təşkilatdan tələb edir.
35.4. Nəzarət orqanı təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında satınalma komissiyasının qərarını təsdiq edərsə, satınalan təşkilat kənarlaşdırılma və onun səbəbləri barədə 1 (bir) iş günü ərzində portalda məlumat yerləşdirir. Satınalma kağız daşıyıcıda keçirildikdə satınalan təşkilat kənarlaşdırılma və onun səbəbləri barədə 1 (bir) iş günü ərzində həmin təchizatçılara poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla bildiriş göndərir.
35.5. Satınalma ləğv edilməmişdirsə, təchizatçıların satınalmadan kənarlaşdırılması satınalmanın baş tutmaması hesab olunmur.
Maddə 36. Satınalmanın ləğv edilməsi
36.1. Satınalma komissiyası aşağıdakı hallarda satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir:
36.1.1. bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda;
36.1.2. təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadıqda;
36.1.3. qalib təchizatçını bu Qanunun 33.10-cu maddəsinə əsasən seçmək mümkün olmadıqda;
36.1.4. bütün təchizatçıların təqdim etdiyi təkliflərin qiyməti ehtimal olunan qiymətdən yüksək olduqda;
36.1.5. satınalmanın keçirilməsi zamanı bütün təchizatçılar arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə) həyata keçirildikdə, yaxud bütün təchizatçılar tərəfindən bu Qanunun 6.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildikdə;
36.1.6. satınalmanın maliyyələşdirilməsi dayandırıldıqda.
36.2. Satınalmanın ləğv edilməsi haqqında qərar 1 (bir) iş günü ərzində nəzarət orqanına təqdim olunur. Nəzarət orqanı satınalmanın ləğv edilməsi haqqında qərarı aldıqdan sonra 5 (beş) iş günü ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərar qəbul edir. Nəzarət orqanı bu müddət ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, qərar təsdiq edilmiş hesab olunur.
36.3. Nəzarət orqanı satınalmanın ləğv edilməsi haqqında qərarı təsdiq edərsə, satınalan təşkilat satınalmanın ləğv edilməsi və onun səbəbləri barədə 1 (bir) iş günü ərzində portalda məlumat yerləşdirir. Satınalma kağız daşıyıcıda keçirildikdə satınalan təşkilat satınalmanın ləğv edilməsi və onun səbəbləri barədə 1 (bir) iş günü ərzində kənarlaşdırılmamış təchizatçılara poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla bildiriş göndərir.
Maddə 37. Gözləmə müddəti
37.1. Bir mənbədən satınalma metodunun tətbiq edildiyi hal istisna olmaqla digər satınalma metodları tətbiq edildikdə satınalma komissiyası satınalmanın nəticələri haqqında yekun protokolu imzaladığı gün satınalan təşkilatın adından təklifini aksept etmək istədiyi təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), ünvanı, VÖEN-i, imzalanması nəzərdə tutulan müqavilənin məbləği, habelə gözləmə müddətinin qüvvədə olma tarixləri barədə satınalmadan kənarlaşdırılmamış təchizatçılara bildiriş göndərməklə yanaşı, portalda məlumat yerləşdirir. Bildirişdə digər təchizatçıların qalib gəlməməsinin səbəbləri göstərilir. Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.
37.2. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.
37.3. Satınalma komissiyası gözləmə müddətinin qüvvədə olduğu dövrdə təchizatçıların təqdim etdiyi müraciətləri (o cümlədən şikayətləri) 5 (beş) iş günü ərzində araşdıraraq cavablandırır.
37.4. Aparılan araşdırma zamanı satınalmanın nəticələri haqqında yekun protokol ləğv edilərək yenisi tərtib olunarsa, bu hal üçün yenidən gözləmə müddəti tətbiq edilir.
Maddə 38. Təkliflərin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi
38.1. Bu Qanunun 34.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla satınalan təşkilat təklifin şərtlər toplusunda göstərilmiş qüvvədə olma müddətinin bitməsinə 3 (üç) iş günü qalanadək qalib təchizatçının təklifini aksept edir və satınalma müqaviləsini tərtib edib təchizatçıya aksept bildirişi ilə birlikdə göndərir.
38.2. Qalib təchizatçı 5 (beş) iş günü ərzində satınalma müqaviləsini imzalayır və satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatını təqdim edir. Satınalan təşkilat satınalma müqaviləsini şərtlər toplusunda müəyyən edilmiş müddət ərzində, lakin 10 (on) iş günündən gec olmayaraq imzalayır.
38.3. İcra təminatının məbləği satınalma müqaviləsinin ümumi məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində müəyyən olunur. İcra təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günü çox olmalıdır.
38.4. Ümumi məbləği 30 000 manatdan az olan satınalma müqaviləsi üzrə icra təminatı tələb olunmur.
38.5. Qalib təchizatçının bu Qanunun 38.2-ci maddəsində qeyd olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və (və ya) bu Qanuna əsasən tələb olunan icra təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və təklifin təminatının geri qaytarılmaması ilə nəticələnir.
38.6. Bu Qanunun 38.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma müqaviləsi satınalan təşkilat tərəfindən imzalandığı gün qüvvəyə minir. Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilə imzalandıqdan sonra 5 (beş) iş günü ərzində təchizatçıya müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş razılıqlar barədə bildiriş göndərir. Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
38.7. Satınalma müqaviləsi ilə qalib təchizatçının üzərinə qoyulan öhdəliklər şərtlər toplusunda göstərilməmiş müddəalar və şərtlər hesabına artırıla bilməz.
38.8. Satınalma müqaviləsi qalib təchizatçı tərəfindən imzalananadək satınalma komissiyası əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərti ilə nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini (miqdarını) 10 faizə qədər artırıb-azalda bilər.
38.9. Nəzarət orqanı bu Qanunun 38.8-ci maddəsində qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 3 (üç) iş günü ərzində baxır.
38.10. Şərtlər toplusunda nəzərdə tutulmuşdursa, qalib təchizatçı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodratçılarla müqavilə imzalaya bilər. Bütün digər hallarda satınalma müqaviləsinin icrası subpodratçılara həvalə edilə bilməz. Subpodrat müqaviləsinin (müqavilələrinin) məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi məbləğinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.
38.11. Satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir.
38.12. Satınalma müqaviləsində tərəflərin götürdükləri öhdəliklərin icra edilməməsi və ya natamam icra edilməsi üçün qanuna əsasən məsuliyyət tədbirləri, dəbbə pulu, təminatlar, mübahisələrin həlli qaydası, satınalma müqaviləsinin icra müddətinin başlanması və ya bitməsi müddətinin dəyişdirilməsinə əsas verən hallar və bunun şərtləri, habelə tətbiq edildikdə sığortalanma şərtləri göstərilməlidir.
38.13. Azərbaycan Respublikası ərazisində tikinti, tikinti-quraşdırma və istehsal sahələrinin qurulması işləri ilə bağlı qalib təchizatçı olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə satınalma müqaviləsi yalnız onların Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq uçota alınmış filialları və ya daimi nümayəndəlikləri olduğu halda bağlanıla bilər.
38.14. Satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumatlar şərtlər toplusunda əks olunur.
38.15. Satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 39. Satınalma müqaviləsi üzrə ödəmələr
39.1. Satınalan təşkilat şərtlər toplusunda satınalma müqaviləsinin icrası üçün qalib təchizatçıya avans ödənilməsini müəyyən edə bilər. Avans şərtlər toplusunda göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir. Avansın alınması üçün təchizatçı tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans təminatı təqdim olunur. Təchizatçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin icra edilməsi üçün istifadə edir. Təchizatçı tərəfindən avans təminatının azı şərtlər toplusunda göstərilən müddətdə qüvvədə olması təmin edilir.
39.2. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma komissiyası tərəfindən şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır.
39.3. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir.
39.4. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər təchizatçı tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 (on beş) iş günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur.
39.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə dəbbə pulu hesablanır.
6-cı fəsil
Hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər
Maddə 40. Satınalmaya dair hesabat
40.1. Satınalan təşkilat hər satınalma üzrə hesabat tərtib edir. Hesabatda satınalma prosedurları haqqında aşağıdakı məlumatlar əks olunur:
40.1.1. satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri;
40.1.2. təklifləri təqdim etmiş təchizatçıların uyğunluq göstəriciləri;
40.1.3. ehtimal olunan qiymət və onun müəyyənləşdirilməsinin əsası;
40.1.4. təchizatçılar satınalmadan kənarlaşdırıldıqda və ya satınalma ləğv edildikdə, bunu əsaslandıran səbəblər;
40.1.5. açıq tender, ikimərhələli tender və kotirovka sorğusu metodundan başqa digər satınalma metodları tətbiq edildikdə, bunu əsaslandıran səbəblər və nəzarət orqanından alınmış razılıq;
40.1.6. çərçivə sazişi tətbiq edildikdə, bunu əsaslandıran səbəblər, çərçivə sazişi bağlanan təchizatçıların adları və ünvanları, habelə nəzarət orqanından alınmış razılıq;
40.1.7. uyğunluğa dair sənədlər toplusunun və ya şərtlər toplusunun izahı barədə istənilən sorğunun, həmçinin belə sorğulara cavabların, eləcə də bu sənədlərdəki hər hansı dəyişikliyin xülasəsi;
40.1.8. bu Qanunun 33.10-cu maddəsinə əsasən qəbul edilmiş qərarın əsaslandırılması;
40.1.9. bu Qanunun 8.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla məlumatlar açıqlandıqda, buna səbəb olmuş hallar;
40.1.10. məxfi məlumatlarla əlaqəli satınalma keçirildikdə, bu Qanunun 8.3-cü maddəsinə əsasən təchizatçılar və onların subpodratçıları qarşısında qoyulmuş tələblər;
40.1.11. elan verilməsi (dəvət göndərilməsi) barədə məlumat.
40.2. Hesabata aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:
40.2.1. satınalmanın keçirilməsi haqqında satınalan təşkilatın qərarının surəti;
40.2.2. satınalma komissiyasının formalaşdırılması haqqında satınalan təşkilatın qərarının surəti;
40.2.3. ehtimal olunan qiymətin hesablanmasına dair təsdiqedici sənədlər;
40.2.4. bu Qanunun 44.4-cü maddəsində qeyd olunan satınalma metodları tətbiq edildikdə, nəzarət orqanından alınmış razılıq sənədinin surəti;
40.2.5. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusu;
40.2.6. şərtlər toplusu;
40.2.7. təchizatçılar tərəfindən təqdim edilən uyğunluq sənədləri və təkliflər;
40.2.8. bu Qanunun 9-cu fəslinə uyğun olaraq şikayət verildikdə, həmin şikayətin nəticəsinə dair qəbul olunmuş qərarların surətləri;
40.2.9. gözləmə müddəti barədə bu Qanunun 37.1-ci maddəsinə əsasən göndərilən bildirişin surəti;
40.2.10. satınalmanın nəticələri haqqında satınalma komissiyasının yekun protokolunun və satınalmaya dair digər protokolların surəti;
40.2.11. çərçivə sazişi bağlandıqda, həmin sazişlərin surəti;
40.2.12. bağlanan satınalma müqaviləsinin surəti;
40.2.13. satınalma müqaviləsi uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icrasının gedişi haqqında mütəmadi məlumatlar;
40.2.14. satınalan təşkilatla təchizatçı arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər;
40.2.15. satınalma müqaviləsinin tam icra edilməsi haqqında satınalan təşkilatla təchizatçı arasında imzalanan təhvil-təslim aktı.
40.3. Bu Qanunun 40.2.4-cü, 40.2.7-ci və 40.2.10 – 40.2.15-ci maddələrində qeyd olunan sənədlər (məlumatlar) istisna olmaqla, 40.2-ci maddədə nəzərdə tutulan digər sənədlər (məlumatlar) təklifin akseptindən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma yekunlaşdıqdan sonra 7 (yeddi) iş günü ərzində sorğu əsasında istənilən fiziki və ya hüquqi şəxslərə verilə bilər.
40.4. Bu Qanunun 40.2.7-ci, 40.2.11–40.2.15-ci maddələrində qeyd olunan sənədlər (məlumatlar) istisna olmaqla, 40.2-ci maddədə nəzərdə tutulan digər sənədlər (məlumatlar) təklifin akseptindən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma yekunlaşdıqdan sonra 7 (yeddi) iş günü ərzində sorğu əsasında təklif təqdim edən təchizatçılara verilir.
40.5. Satınalmaya dair hesabat satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır, satınalma müqaviləsi tam icra edildikdən sonra 20 (iyirmi) iş günü ərzində bitirilir, 5 (beş) il ərzində satınalan təşkilatda saxlanılır və sonra “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxivə verilir.
Maddə 41. Satınalma müqaviləsinin icrasına nəzarət
41.1. Satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə təqdim olunmuş satınalma predmetinin normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və beynəlxalq standartlara uyğunluğunu yoxlayır.
41.2. Nəzarət orqanı satınalma ilə bağlı aparılan araşdırma zamanı normativ hüquqi aktların pozulmasına dair əsaslı şübhələr yarandıqda, təchizatçı tərəfindən satınalma müqaviləsinin təqdim olunmuş təklifinə uyğun icra edilməsi ilə yerində tanış olmaq məqsədilə satınalma predmetinə (onun icrasına) baxış keçirə bilər. Baxış zamanı bu Qanunun tələblərinin pozulması halları aşkar edildikdə nəzarət orqanı tərəfindən qanuna uyğun tədbirlər görülür.
41.3. Satınalan təşkilat nəzarət orqanı tərəfindən satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün lazımi şərait yaratmağa borcludur.
Maddə 42. Satınalma müqaviləsində dəyişiklik
42.1. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Bu Qanunun 42-ci maddəsinə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 (on) iş günü müddətində baxılır.
42.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 43. Satınalma müqaviləsi bağlanılmış təchizatçının müflis elan olunması və ya fərdi sahibkarın vəfat etməsi
Satınalma müqaviləsi bağlanılmış təchizatçı müflis elan olunduqda və ya fərdi sahibkar vəfat etdikdə satınalan təşkilat həmin satınalma müqaviləsinin icra edilməmiş hissəsi üzrə yenidən satınalma keçirə bilər.
7-ci fəsil
Satınalma metodları
Maddə 44. Satınalma metodlarının tətbiqi
44.1. Satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir.
44.2. Bu Qanunun 44.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.
44.3. Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.
44.4. Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:
44.4.1. qapalı tender metodu;
44.4.2. bir mənbədən satınalma metodu;
44.4.3. çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.
44.5. Nəzarət orqanı bu Qanunun 44.4-cu maddəsində qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxır.
Maddə 45. Açıq tender
45.1. Satınalan təşkilat açıq tender metodunu bu Qanunun 44.2-ci maddəsinə uyğun olaraq tətbiq edir.
45.2. Ehtimal olunan qiymətin bu Qanunun 44.2-ci maddəsində qeyd olunan məbləğdən aşağı olması satınalan təşkilatın açıq tender metodunu tətbiq etmək imkanını məhdudlaşdırmır.
45.3. Satınalan təşkilat açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya bu Qanunun 18.10-cu maddəsinə əsasən müəyyən edilən təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetini ayrı-ayrı hissələrə (müqavilələrə) bölə bilməz. Fərqli ünvanlarda aparılan tikinti-quraşdırma işləri üzrə satınalmalar ayrı-ayrı müqavilələrə bölünə bilər.
45.4. Bu Qanunun 29.8-ci maddəsində qeyd olunan halda açıq tender ləğv olunur və ikinci dəfə elan edilir. İkinci dəfə elan olunan açıq tenderdə bu Qanunun 29.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təklif təqdim edən təchizatçıların sayı azı iki olduqda, açıq tender baş tutmuş hesab olunur.
Maddə 46. İkimərhələli tender
46.1. Satınalan təşkilat ikimərhələli tender metodunu bu Qanunun 44.2-ci maddəsinə uyğun olaraq aşağıdakı hallarda tətbiq edə bilər:
46.1.1. satınalma predmetinin müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə;
46.1.2. satınalan təşkilat satınalma predmetinin təsvirini dəqiqləşdirmək, xüsusiyyətlərini (texniki göstəricilərini) formalaşdırmaq və öz tələbatını təmin etmək üçün ən məqbul qərarı qəbul etməli olduqda;
46.1.3. satınalma predmeti elmi tədqiqat, eksperiment, axtarış və ya araşdırmalar aparılması, habelə mürəkkəb xüsusiyyətlərə malik informasiya sistemlərinin yaradılması və tikinti-quraşdırma işləri ilə bağlı olduqda.
46.2. Ehtimal olunan qiymətin bu Qanunun 44.2-ci maddəsində qeyd olunan məbləğdən aşağı olması satınalan təşkilatın ikimərhələli tender metodunu tətbiq etmək hüququnu məhdudlaşdırmır.
46.3. Satınalma komissiyası satınalan təşkilatın tələbatının ödənilməsinin müxtəlif mümkün üsulları və həlləri ilə əlaqədar təkliflərin cəlb edilməsi barədə elan verir.
46.4. İkimərhələli tenderin birinci mərhələsində bütün təchizatçılara ilkin təkliflərini onun qiymətini göstərmədən təqdim etmək təklif olunur. Bu halda, şərtlər toplusunda satınalma predmetinin xüsusiyyətlərinə (texniki göstəricilərinə) aid tələblər nəzərdə tutulur. Satınalma komissiyası satınalma predmetinin xüsusiyyətləri (texniki göstəriciləri) ilə əlaqədar təchizatçılarla bu Qanunun 10-cu maddəsinə uyğun olaraq müzakirələr apara bilər.
46.5. İkimərhələli tenderin ikinci mərhələsində satınalma komissiyası tenderdən kənarlaşdırılmamış təchizatçılara yenilənmiş satınalma şərtlərini nəzərə almaqla və satınalma predmetinin özünəməxsus xüsusiyyətlərinin məcmusu barədə qiymətləri göstərməklə yekun təklifləri təqdim etməyi təklif edir. Satınalma komissiyası yekun təkliflərin təqdim edilməsi üçün azı 20 (iyirmi) iş günü müddət müəyyən edir.
46.6. Satınalma komissiyası ikinci mərhələ başlayanadək satınalma predmetini dəyişdirməmək şərtilə onun ilkin texniki, keyfiyyət və istismar xüsusiyyətlərinin hər hansı hissəsini, habelə təkliflərin qiymətləndirilməsi üçün müəyyən edilən ilkin meyarları çıxarmaq, dəyişdirmək və ya yenisini əlavə etmək hüququna malikdir. Hər hansı belə dəyişiklik barədə bildiriş təchizatçılara yekun təklifləri təqdim etmək haqqında dəvətlə birlikdə göndərilir.
46.7. Qalib təchizatçını müəyyənləşdirmək məqsədilə yekun təkliflər bu Qanunun 33-cü maddəsinə uyğun qiymətləndirilir.
Maddə 47. Qapalı tender
47.1. Bu Qanunun 3.2.9-cu maddəsi ilə əhatə olunmayan satınalma predmeti məxfi məlumatlarla əlaqəli satınalma ilə bağlı olduqda, satınalan təşkilat bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq qapalı tender metodunu tətbiq edə bilər. Məxfi məlumatlarla əlaqəli olmayan və bu Qanunun 3.2.9-cu maddəsi ilə əhatə olunmayan ehtiyaclar üçün geyim, əczaçılıq məhsulları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri, habelə əşya, inventar və digər satınalma predmeti üzrə satınalmalar bu Qanunun 44-cü maddəsinə uyğun olaraq digər satınalma metodlarının tətbiqi ilə keçirilir.
47.2. Satınalan təşkilat qapalı tender keçirirsə, satınalma komissiyası rəqabəti təmin edəcək kifayət qədər sayda (üçdən az olmamaq şərtilə) təchizatçılara dəvət göndərir.
Maddə 48. Kotirovka sorğusu
48.1. Satınalan təşkilat mövcud bazarı olan (əlçatan olan) satınalma predmetinin (xüsusi sifariş əsasında texniki göstəricilərinin tam və ya qismən dəyişdirilməsinə yönələn istehsal halları istisna olmaqla) satın alınması üçün bu Qanunun 44.3-cü maddəsinə uyğun olaraq kotirovka sorğusu metodunu tətbiq edə bilər.
48.2. Ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir:
48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar;
48.2.2. ehtimal olunan qiymət 30 000 manatdan 100 000 manatadək olduqda – mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar.
48.3. Bu Qanunun 48.2.1-ci maddəsinə uyğun olaraq keçirilən satınalma bu Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilərsə, həmin satınalma predmeti üzrə mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçıların iştirakı ilə yenidən kotirovka sorğusu metodu tətbiq edilməklə satınalma keçirilə bilər.
Maddə 49. Bir mənbədən satınalma
49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər:
49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
49.2. Satınalan təşkilat bir mənbədən satınalma metodunu tətbiq etmək istədiyi halda, satınalma komissiyası müəyyən etdiyi təchizatçılara şərtlər toplusunu təqdim edir (bu Qanunun 49.1.1-ci maddəsində qeyd olunan hal üzrə konkret təchizatçıya) və təklifləri alır.
49.3. Satınalma komissiyası təqdim edilmiş təklifləri bu Qanunun 33-cü maddəsinə uyğun olaraq qiymətləndirir və 10 (on) iş günü müddətində razılıq alınması üçün nəzarət orqanına müraciət edir. Müraciətdə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan təchizatçının seçilməsi əsaslandırılır, habelə olduğu halda digər təchizatçıların təklifləri qiymətləndirilməklə müqayisəli şəkildə göstərilir.
49.4. Nəzarət orqanının razılığı satınalma müqaviləsinin bağlanılması üçün əsas götürülür. Bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verildiyi tarixdən 30 (otuz) iş günü ərzində satınalma müqaviləsi bağlanılmadığı halda, müvafiq razılıq öz hüquqi qüvvəsini itirir.
49.5. Gözləmə müddətinin tətbiq edilməsi və yekun protokolun hazırlanması ilə bağlı bu Qanunun 34.6-cı və 37-ci maddələrinin tələbləri bir mənbədən satınalma metoduna şamil edilmir.
8-ci fəsil
Çərçivə sazişi
Maddə 50. Çərçivə sazişlərinə dair ümumi tələblər
50.1. Satınalan təşkilat nəqliyyat vasitəsi, maşın, dəzgah, avadanlıq, texnika və qurğulara dövri və ya təkrar texniki xidmətin göstərilməsi (həmin xidmətlərin ayrılmaz tərkib hissəsi olan malların təqdim edilməsi də daxil olmaqla) məqsədilə bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq açıq tender və ya kotirovka sorğusu metodlarını tətbiq etməklə çərçivə sazişi bağlaya bilər.
50.2. Satınalma çərçivə sazişinin bağlanılması ilə nəticələnəcəyi hallarda şərtlər toplusuna bu Qanunun 25.1-ci maddəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar daxil edilir:
50.2.1. təchizatçılarla çərçivə sazişinin bağlanacağı barədə məlumat;
50.2.2. çərçivə sazişi bağlanacaq təchizatçıların minimal və maksimal sayı;
50.2.3. bu Qanunun 52-ci maddəsinə uyğun olaraq çərçivə sazişinin forması və şərtləri.
Maddə 51. Çərçivə sazişi prosedura
51.1. Çərçivə sazişi tətbiq edilməklə satınalma iki mərhələdə keçirilir.
51.2. Satınalma komissiyası birinci mərhələdə bu Qanunla müəyyən edilmiş qaydada açıq tender və ya kotirovka sorğusu metodlarını tətbiq etməklə satınalma keçirir və tələblərə uyğun olan təchizatçılarla təkliflərin qüvvədə olma müddətinin bitməsinə 3 (üç) iş günü qalanadək çərçivə sazişini bağlayır. Bağlanılmış çərçivə sazişi bir büdcə ili ərzində qüvvədə olur və satınalan təşkilat üçün sifariş vermək öhdəliyini yaratmır.
51.3. Satınalma komissiyası ikinci mərhələdə tələbat yarandıqca satınalma predmetini aşağıdakı üsulların birindən istifadə edərək satın alır:
51.3.1. çərçivə sazişi bağlanılmış təchizatçıların ilkin təklifinə əsasən ən aşağı qiymət təklifini və ya bu Qanunun 33.11-ci maddəsinə uyğun olaraq ən səmərəli təklifi təqdim edən təchizatçını seçməklə;
51.3.2. təklif sorğusu göndərilməklə, çərçivə sazişi bağlanmış təchizatçıların yekun təklifinə əsasən ən aşağı qiymət təklifini və ya bu Qanunun 33.11-ci maddəsinə uyğun olaraq ən səmərəli təklifi təqdim edən təchizatçını seçməklə.
51.4. Satınalma komissiyası bu Qanunun 51.3.2-ci maddəsində göstərilən təklif sorğusunu çərçivə sazişi bağlanılmış bütün təchizatçılara göndərir. Təklif sorğusuna uyğun yekun təklifin təqdim edilməsi müddəti çərçivə sazişi ilə müəyyən olunur.
51.5. Çərçivə sazişi əsasında tələbata uyğun hər bir satınalmanın nəticəsinə dair protokol tərtib edilir və məlumat üçün 1 (bir) iş günü ərzində nəzarət orqanına göndərilir.
51.6. Bu Qanunun 51.3-cü maddəsinə əsasən seçilmiş təchizatçı ilə çərçivə sazişində müəyyən edilmiş müddətdə sadə satınalma müqaviləsi bağlanılır.
51.7. Bu Qanunun 38.1 – 38.5-ci və 38.8 – 38.10-cu maddələrinin tələbləri çərçivə sazişinin tətbiq edilməsi hallarına şamil edilmir.
Maddə 52. Çərçivə sazişlərinə tətbiq olunan tələblər
52.1. Çərçivə sazişi yazılı formada bağlanılır və sazişdə azı aşağıdakılar əks olunur:
52.1.1. çərçivə sazişinin qüvvədə olma müddəti;
52.1.2. satınalma predmetinin bir vahidinin sabit qiyməti;
52.1.3. satınalma predmetinin həcminə görə bir vahidinin qiymətinə tətbiq edilən güzəşt;
52.1.4. təklif sorğusuna əsasən müəyyən edilməli və ya dəqiqləşdirilməli olan satınalma şərtləri, habelə yekun təkliflərin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı;
52.1.5. satınalmanın nəticəsinə dair bağlanacaq satınalma müqaviləsinə dair tələblər;
52.1.6. çərçivə sazişinin maksimal məbləği;
52.1.7. bu Qanuna və çərçivə sazişinə əsasən müəyyənləşdirilən digər tələblər.
52.2. Çərçivə sazişinin, təklif sorğusunun və bu Qanunun 51.6-cı maddəsində qeyd olunan satınalma müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
9-cu fəsil
Şikayət verilməsi
Maddə 53. Şikayət vermək hüququ
53.1. Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə təchizatçıların satınalan təşkilatın hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından inzibati qaydada, nəzarət orqanına və məhkəməyə şikayət vermək hüququ vardır.
53.2. Bu Qanuna görə aşağıdakılar şikayət predmeti ola bilməz:
53.2.1. təchizatçıların satınalmada iştirakının bu Qanunun 5.1-ci maddəsinə əsasən dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması;
53.2.2. bu Qanunun 36-cı maddəsinə (36.1.2-ci və 36.1.5-ci maddələr istisna olmaqla) uyğun olaraq qanuni əsaslarla satınalmanın ləğv edilməsi;
53.2.3. çərçivə sazişinə əsasən satınalan təşkilat tərəfindən sifarişin verilməməsi.
Maddə 54. Satınalan təşkilata şikayət
54.1. Bu Qanunun 37.1-ci maddəsində qeyd olunan satınalmadan kənarlaşdırılmamış təchizatçılar satınalan təşkilata satınalmanın nəticələri ilə bağlı öz şikayətlərini gözləmə müddətində verirlər. Satınalan təşkilat gözləmə müddətində verilmiş şikayəti 5 (beş) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir.
54.2. Kənarlaşdırılmış və ya iştirak etməyən təchizatçılar satınalma müqaviləsi qüvvəyə minənə qədər öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 15 (on beş) iş günü ərzində satınalan təşkilata şikayət verə bilərlər. Satınalan təşkilat verilmiş şikayəti 10 (on) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir və həmin qərarın qəbul edildiyi gündən 1 (bir) iş günü ərzində şikayət edən təchizatçıya göndərir.
54.3. Şikayət gözləmə müddəti və ya bu Qanunun 54.2-ci maddəsi ilə müəyyən edilən müddət keçdikdən sonra verilmişdirsə, satınalan təşkilat həmin şikayəti baxılmamış saxlayır.
54.4. Satınalan təşkilat bu Qanunun 54.1-ci və 54.2-ci maddələrində göstərilən müddət ərzində qərar qəbul etmirsə, təchizatçı bununla bağlı nəzarət orqanına və məhkəməyə şikayət verə bilər. Belə şikayət verildikdən sonra satınalan təşkilat tərəfindən həmin şikayət baxılmamış saxlanılır.
Maddə 55. Nəzarət orqanına şikayət
55.1. Təchizatçılar aşağıdakı hallarda nəzarət orqanına şikayət verə bilər:
55.1.1. satınalma müqaviləsi qüvvəyə mindikdə;
55.1.2. bu Qanunun 21.2-ci, 36.1.2-ci, 36.1.5-ci və 54.4-cü maddələrində göstərilən hallarda;
55.1.3. verilmiş şikayətlə bağlı satınalan təşkilatın qərarı ilə razılaşmadığı halda.
55.2. Təchizatçılar bu Qanunun 55.1-ci maddəsinə əsasən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, habelə bu Qanunun 55.1.3-cü maddəsində nəzərdə tutulmuş qərarı aldığı gündən və ya həmin qərarın verilməli olduğu gündən 15 (on beş) iş günü ərzində nəzarət orqanına şikayət verə bilərlər.
55.3. Nəzarət orqanı şikayəti aldıqdan sonra 1 (bir) iş günü ərzində bu barədə satınalan təşkilata portal vasitəsilə bildiriş göndərir. Şikayətdə qaldırılan məsələlərin araşdırılması üçün əlavə məlumat tələb olunduğu təqdirdə nəzarət orqanı satınalan təşkilata portal vasitəsilə sorğu göndərir. Satınalan təşkilat sorğunu aldıqdan sonra 3 (üç) iş günü ərzində sorğuda tələb olunan məlumatları nəzarət orqanına təqdim edir.
55.4. Nəzarət orqanı verilmiş şikayəti 20 (iyirmi) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir.
55.5. Nəzarət orqanı şikayəti təmin edirsə bu Qanunun 14-cü maddəsində göstərilən tədbirlərdən birini və ya bir neçəsini tətbiq edir.
Maddə 56. Satınalmanın dayandırılması
Bu Qanunun 54-cü və 55-ci maddələrinə əsasən verilən şikayətin (gözləmə müddətində verilən şikayət istisna olmaqla) araşdırılması məqsədilə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq nəzarət orqanının qərarı ilə satınalan təşkilat tərəfindən satınalma prosedurları 10 (on) iş gününədək dayandırıla bilər. Bu müddət nəzarət orqanının əsaslandırılmış qərarı ilə 10 (on) iş gününədək uzadıla bilər.
Maddə 57. İnzibati qaydada və məhkəməyə şikayət
Təchizatçılar nəzarət orqanının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
10-cu fəsil
Yekun müddəalar
Maddə 58. Bu Qanunun pozulmasına görə məsuliyyət
58.1. Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
58.2. Nəzarət orqanı tərəfindən satınalan təşkilatın qərarlarının (protokollarının) təsdiq edilməsi və (və ya) onların hər hansı bir müraciətinə razılıq verilməsi həmin satınalan təşkilatı bu Qanunla nəzərdə tutulan məsuliyyətdən azad etmir.
58.3. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
Maddə 59. Bu Qanunun qüvvəyə minməsi
59.1. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
59.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523; 2019, № 7, maddə 1208, № 8, maddə 1372; 2020, № 5, maddə 525; 2021, № 6 (I kitab), maddə 559, № 7, maddə 719, № 12, maddələr 1313, 1342; 2023, № 4, maddə 456) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2023-cü il
№ 988-VIQ