Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonunun   sosial-iqtisadi inkişafının 2019-cu ilin yekunları və qarşıda duran vəzifələri barədə

Hörmətli müşavirə iştirakçıları!

Bildiyiniz kimi, yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə geniş nitq söyləyən cənab Prezident bildirmişdir ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra olunmuş, ölkəmizin dayanıqlı inkişafı təmin olunmuşdur. Həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böük uğurlar əldə edilmişdir.
2019-cu ildə ümumi daxili məhsul 2.2%, qeyri-neft sektoru 3.5%, sənaye istehsalı 1.5%, qeyri-neft sektorunda sənaye istehsalı 14%, kənd təsərrüfatı istehsalı 7% artmışdır.
Əhalinin pul gəlirləri 7.4% artaraq cəmi 2.6% olan inflyasiyanı bir neçə dəfə üstələmişdir.
Valyuta ehtiyatlarımız 6.4 milyard dollar artaraq rekord həddə 51 milyon dollara çatmışdır. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.
Ötən il həyata keçirilən sosial paket 4.2 milyon insanı əhatə etmiş, vətəndaşların maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Minimum əmək haqqı 2 dəfə, minimum pensiya 70%, bəzi müavinətlər 50%, bəziləri isə 2 dəfə artmışdır. Bir sözlə sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması prioritet məsələ olaraq qalmaqdadır.
Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlarda Nərimanov rayonunun da öz payı vardır.
2019-cu ildə sənayenin dinamik inkişafı təmin edilmiş xidmətlər də daxil olmaqla 3.67 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş, əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 3.8% çox məhsul istehsal olunmuşdur.
İl ərzində bütün maliyyə mənbələri hesabına 346,8 milyon manatlıq əsas fondlar istifadəyə verilmiş, sosial-iqtisadi sahələrin inkişafı üçün  əsas kapitala  384,3 milyon manat, əvvəlki ilə nisbətən 15,1% çox vəsait yönəldilmişdir.
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podarat işlərin həcmi 873,9 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4% artmışdır.
İl ərzində pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2,13 milyard manatlıq əmtəə satılmış, əvvəlki illə müqaisədə 5,3% artım əldə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. 2019-cu il ərzində də rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilib. Bu obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər. Onların Nərimanov  rayonuna hər gəlişi sakinlərin və əmək kollektivlərinin həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Qürurvericidir ki, dövlət başçısı cənab İlham Əliyev 2003-cü ildən bu günədək 124 dəfə Nərimanov rayonunda olmuş,  onlardan 11-i 2019-cu il ərzində  olmuşdur.Cənab Prezident bu ilin 3 yanvar tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında, 29 yanvar tarixində Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda, 2 may tarixində  “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, 10 may tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə, 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə, 1 fevral tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak etmiş, 26 mart tarixində isə Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olmuş, 23 may tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi  iftarda, 13 sentyabr tarixində yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak etmiş, 1 oktyabr tarixində M.K.Atatürk prospektindəki parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuş, 25 dekabr tarixində Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir.
Eləcə də, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da indiyədək Nərimanov rayonunda dəfələrlə olmuş, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində  iştirak etmiş, müəssisə və təşkilatların kollektivləri ilə görüşmüşdür. Azərbaycan xalqının dərin zəkalı, incə qəlbli, xeyirxah, alovlu vətənpərvər, mübariz qızı Mehriban xanımın rəhbərliyi altında xalqımızın bu günü və işıqlı gələcəyi müstəsna əhəmiyyət daşıyan bir çox layihələrin müəllifi olan Heydər Əliyev Fondunun gördüyü nəhəng işlərin bir hissəsi də Nərimanov rayonu ilə bağlıdır. Rayonumuzda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin, onun nəzdində musiqi məktəbinin, Zərifə Əliyeva adına Uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara məktəbi”nin, Psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və məktəb kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının  bariz təzahürüdür. 
Görülən çoxsaylı işlərin bariz nümunələrindən biri kimi, Mehriban xanım Əliyeva bu ilin 31 oktyabr tarixində  Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olmuş, Heydər Əliyev Fondu tərəfindən  burada aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur. İl ərzində iki dəfə rayonda yerləşən Psixonevroloji Uşaq Evinə baş çəkən Mehriban xanım ötən ilin fevralın 11-də bu müəssisədə olmuş, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanmış, mövcud problemlərin həllinə dair tapşırıqlar vermişdir. Dekabrın 30-da Mehriban xanım Əliyeva  qızları Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva və Arzu Əliyeva ilə yenidən Psixonevroloji Uşaq Evinə gələrək Heydər Əliyev Fondu tərəfindən müəssisədə aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olmuş, mərkəzin yeni korpusunun açılışında iştirak etmişdir. Eləcə də həmin gün Mehriban xanım və qızları Nərimanov rayonundakı  “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinə baş çəkərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd etmişlər.
Bu gün Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı xalqlararası tarixi bağlılığı və dostluğu daha da dərinləşir. Sevindirici haldır ki, iki dövlətin dostluq əlaqələrindən irəli gələrək uzun illərdən bəri qardaşlaşmış Bakının Nərimanov rayonu ilə Həştərxan vilayətinin Nərimanov şəhəri arasında da iqtisadi-siyasi və mədəni sahədə sıx əlaqələr bu gün də daha da inkişaf edir.
2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri  həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2018-ci ildə tikilib istifadəyə verilmiş beş mərtəbəli Azərbaycan İş  Mərkəzinin nəzdində  inşası nəzərdə tutulan Azərbaycan Çay və Şərab Evlərinin binaları üçün torpaq sahələrinin ayrılması ilə bağlı hazırda Həştərxan vilayətinin rəhbərliyi ilə danışıqlar aparılır.
2017-ci ilin dekabrında Bakı şəhərinin Nərimanov rayonu ərazisində, X.R.Ulutürk küçəsində təməli qoyulmuş Həştərxan İş Mərkəzinin hazırda inşasında son tamamlama işləri həyata keçirilir.
Hesabat ilində dəfələrlə Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyətinin ölkəmizə, eyni zamanda Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə rəsmi və işgüzar səfərləri  baş tutmuşdur. Səfərlər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətində Həştərxan vilayətinin rəhbərliyi və nümayəndə heyəti ilə keçirilən görüşlərdə ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri haqqında danışılmış, habelə dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli,  1284 nömrəli Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsənov Nurlan Həsən oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Eləcə də qeyd etmək istəyirəm ki, ötən il Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Miri Bilal oğlu Həsənov və Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri, professor Vilayət Abbas oğlu Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunmuşlar. İcazə verin, fürsətdən istifadə edərək öz adımdan və rayon  ictimaiyyəti adından  təltif olunan şəxslərin hər birini təbrik edim, onlara möhkəm can sağlığı və doğma Azərbaycanımızın daha da inkişafı və tərəqqisi naminə fəaliyyətlərində  yeni-yeni uğurlar  arzulayım.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2019-cu il ərzində müvafiq işlər görülmüşdür.
Bakı Şəhər İcra  Hakimiyyəti başçısının «Su ilə dolu zirzəmilərin qurudulması» haqqında müvafiq sərəncamının icrası ilə bağlı bütün yaşayış binalarının zirzəmiləri təftiş edilmiş və su aşkar edilmiş 4 binanın zirzəmisindən suyun təmizlənməsi istiqamətində zəruri işlər aparılmışdır. Belə ki, Məmməd Araz küçəsi 52, 54, İ.Hidayətzadə küçəsi 3 Azadlıq prospekti 116, Ə.Əlizadə küçəsi 40 və İ.Dadaşov küçəsi 52 №-li yaşayış binalarının zirzəmisindən keçən mühəndisi-kommunikasiya xətlərində aşkar edilmiş çatışmamazlıqlar aradan qaldırılmış, təmir işləri yerinə yetirilmişdir.
“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı dövlət proqramına müvafiq olaraq tərtib edilmiş «Nərimanov rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi” proqramının icrası ilə bağlı H.Əliyev, F.X.Xoyski, Z.Bünyadov, Azadlıq, M.K.Atatürk prospektlərinin, K.Rəhimov, A.Nemətulla, Ə.Əliyev, Təbriz, M.Nərimanov, İ.Hidayətzadə və digər küçələrin təmizliyi ilə əlaqədar tələb olunan işlərin isrası təmin edilmişdir. K.Rəhimov küçəsi 3a və 13 saylı ünvanlarda salınmış  parkların  qorunub  saxlanılması təmin  edilmişdir. Yol kənarlarında əkilmiş ağac və dekorativ güllərə gündəlik aqrotexniki qulluq göstərilir. 2 ünvanda- Azadlıq prospekti 151, 151a,151b və P.Çaykovski küçəsi 2,4  məhəllədaxili ünvanlarda abadlıq işləri aparılır.
Rayon İcra Hakimiyyətinin nəzdində, daimi fəaliyyət göstərən «Qanunsuz tikililərə qarşı mübarizə komissiyası»nın gördüyü tədbirlər nəticəsində, göstərilən dövr ərzində 4 ünvanda qanunsuz əlavə tikili, 6 ünvanda qanunsuz quraşdırılmış köşk və 5  ədəd talvar  ləğv edilmişdir. Zəbt olunmuş sahələrdən  1200 pm uzunluğunda tor çəpərlər sökülmüşdür.
2019-2020-cı il payız-qış mövsümünə hazırlıqla əlaqədar, 6914 m2 sahədə dam örtüyü təmir edilmiş, girişlərdə 165 ədəd qapılar, 190 ədəd pəncərələr dəyişdirilmiş və yaxud təmir edilmişdir. 1130 mənzilin tüstü bacaları təmizlənmişdir. Azadlıq prospekti 151b ünvanında yerləşən 5 mərtəbəli, 4 girişli 1 yaşayış binasının fasad, dam örtüyü və girişlərində təmir işləri aparılmış, Ak.H.Əliyev küçəsi 90, 96 “a”, 59 “a” №-li binaların dam örtüyü və 10 girişi təmir edilmişdir. Həmçinin 11 binada istismar üçün yararsız vəziyyətdə olan 50 ədəd lift yenisi ilə əvəz edilmişdir.
Ölkə və şəhər rəhbərliyinin tapşırığına əsasən, ilk olaraq Nərimanov rayonu ərazisində Pilot layihə əsasında tullantıların daşınaraq zərərsizləşdirilməsi prosesi həyata keçirilir. Belə ki, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkətinin hazırladığı konsepsiyaya uyğun olaraq rayon ərazisində 300 konteyner meydançası rayon rəhbərliyinin böyük dəstəyi nəticəsində müasir üslubda yenidən qurulmuş, 350 konteyner meydançasında 1711 ədəd 1 m3 həcmli yaşıl və narıncı rəngdə plasmas materialından konteynerlər yerləşdirilmişdir. Bu konteynerlərdən 460 ədəd narıncı rəngdə plasmas materialından konteynerlər təkrar emal olunacaq tullantı materiallarının qablaşdırılmasını təmin edir. Əlavə olaraq 150 ədəd 1 m3 həcmli dəmir konteynerlər yaşıl və narıncı rəngdə rənglənərək ərazidə müvəqqəti yerləşdirilmiş, yeni plasmas materialından konteynerlər gətirildikcə əvəz olunur. Hazırda təkrar emal olunacaq tullantı materiallarının həcmində dinamik artım müşahidə olunur və 20-25 ton həddində daşınma həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı ilə Bakı şəhərinin 9 rayonun, o cümlədən Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər qərara alınmışdır.  Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması nəzərdə tutulmuşdur.
Hazırda “Pilot layihə” çərçivəsində 27 ünvanda köhnə, qəzalı evlərin sökülməsi, əvəzində yeni müasir binaların tikintisi prosesi həyata keçirilməkdədir və 10 digər ünvanda isə bu proses sənədləşdirmə mərhələsindədir. 2019-cu ildə “Pilot layihə” çərçivəsində artıq 5 ünvanda tikinti işləri başa çatdırılmış, sakinlər əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla, tam təmirli mənzillərlə təmin olunmuşlar. Sakinlər onlara təqdim olunan yaşayış sahələrinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Hazırda F.Əsədov, Ə.Dəmirçizadə, Qarabağ, M.Sənani, S.Rəhman, T.Şıxəliyev küçələri, Xətai prospekti və bir neçə digər ünvanlarda yeni binaların inşa edilməsi üçün ərazilərin boşaldılması işləri həyata keçirilir. M.Əlizadə, Kazımzadə, F.Məmmədov, Təbriz və  X.Şuşinski küçələrində  inşaat işləri ilə məşğul olan MMC-lərlə sakinlər arasında müqavilələrin bağlanılması və onların  köçürülməsi prosesi başa çatmaq üzrədir. Qarabağ küçəsi, T.Şıxəliyev, Ə.Əliyev, S.Rəhman, M.Sənani küçəsi, M.Qaşqay  və F.Yusifov küçələrində inşa olunan yeni yaşayış binalarının tikintisinə nəzarət tərəfimizdən təmin olunur.
5 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən 21 ədəd qazan cari təmir olunmuş,          17 ədəd qazan mexaniki üsulla təmizlənmişdir. 7 ədəd nasos cari təmir olunmuş, 30 ventil dəyişdirilmiş, 210 siyirtmə cari təmir olunmuş, 102 ədəd qoruyucu klapan yoxlanılmış və təmizlənmişdir. Ayrı-ayrı ünvanlarda müxtəlif diamterli 2200 p.m. paylayıcı və məhəllədaxili boru çəkilmiş və ya yenisi ilə əvəz edilmiş, bu işlərin gedişatı zamanı 30 siyirtmə və 22 dirsək quraşdırılmışdır.
“Bakı Şəhər İşığı” Şəhəri İşıqlandırma Şəbəkə Müəssisəsinin Nərimanov Texniki İstismar rayonu  tərəfindən 10611 m kabel, 12 ədəd “Palermo” işıq dirəyi, 46 ədəd çıl-çıraq, 11730 ədəd müxtəlif lampa, 1162 ədəd ballast, 1834 ədəd iqnitor və 10 ədəd sink örtüklü dirək dəyişdirilmişdir.
Nərimanov rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən 14360 m 0,4 kV-luq və 14652 m 6/10 kV-luq kabellər yenisi ilə əvəz olunmuş və ya yeni kabellər çəkilmişdir. Bundan başqa 22 ədəd TM və KTM cari təmir olunmuş, 14 ədəd dayaq rənglənmişdir. Müvafiq qrafikə əsasən 86 ədəd TM və 36 ədəd KTM təftiş olunmuş, köhnə binaların sökülməsi tədbirləri çərçivəsində 4 ədəd binada və 2 ədəd məhəllədə sayğac şitləri və xətlər demontaj olunmuşdur.
Nərimanov rayon Sukanal İdarəsinin Su Şəbəkələri və Qurğularının İstismarı Xidməti tərəfindən cari il ərzində 818 p.m. su borusu və 17 p.m. çirkab sular borusu dəyişdirilmiş, 13 ədəd siyirtmə, 4 ədəd elektrik mühərriki quraşdırılmış, 102 ədəd siyirtmə, 71 ədəd elektrik mühərriki və 110 ədəd nasos təmir olunmuşdur. Bununla yanaşı, 408 ədəd su sayğacı dəyişdirilmiş, 330 ədəd yeni sayğac quraşdırılmış, 2357 p.m. yeni su borusu çəkilmiş, 15 ədəd binanın zirzəmisindəki su xətləri təmir edilmişdir. Həmçinin, 62 binanın dam hissəsində  225 ədəd su çəni kəsilmişdir.
Nərimanov Rayon Qaz İstismar Sahəsi tərəfindən cari il ərzində yeraltı və yerüstü qaz kəmərlərinə profilaktiki xidmət göstərilmişdir. Həmçinin, 7912 p.m. yeni magistral qaz xətti çəkilmiş, təmir olunmuş və ya dəyişdirilmiş, 12 ədəd Qaz Tənzimləyici Məntəqə yenisi ilə əvəz olunmuş, 14 ədəd yeni QTM quraşdırılmış, 18 ədəd siyirtmə quraşdırılmış, 10 ədəd siyirtmə əvəz olunmuşdur.
Bununla yanaşı, rayon ərazisində yerləşən, şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən digər Mənzil Kommunal İstismar Sahələri tərəfindən ayrı-ayrı ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə və qapılar dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi və kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmiş, həyətlərdəki oturacaqlar və məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər rənglənmişdir.
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 23 ümumtəhsil müəssisəsində 2018/2019-cu tədris ilinin sonuna 27762 şagird təhsil almışdır. 11-ci sinifi bitirənlərin sayı 1603 nəfər olmuşdur, bunlardan 1109 nəfəri ali təhsil müəssisələrinə daxil olmuşdur. Nərimanov rayonu üzrə ali məktəblərə qəbul 69% təşkil etmişdir. “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Nərimanov rayonunun məktəblərindən 7 nəfər Prezident təqaüdünə layiq görülmüşdür ki, onlardan 2 nəfəri 45, 3 nəfəri 82 nömrəli tam orta məktəblərin, 2 nəfəri isə  291 nömrəli Ekologiya liseyinin məzunları olmuşdur.
Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə193 saylı tam orta məktəbin direktoru Hüseynov Rahim, “Tərəqqi” liseyinin direktoru Abışov Nasim, "Ankara məktəbi" məktəb – lisey kimya müəllimi Əlizadə Sevda, 291 saylı ekoloğiya liseyinin kimya müəllimi Qurbanova Nəzmiyə, 212 saylı tam orta məktəbin təsviri-incəsənət müəllimi Mustafayeva Nailə, 177 saylı tam orta məktəbin riyaziyyat-nformatika müəllimi Mahmudov Vaqif təltif olunmuşlar. Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə "Ankara məktəbi" məktəb – liseyinin, ibtidai sinif müəllimi Məhərrəmova Sevinc təltif olunmuşdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində cari ilin fevral ayının 11-dən may ayının 11-dək 55778 nəfər tibbi müayinədən keçmiş, bunlardan 46980 nəfər sağlam hesab edilmiş, 8563 nəfər nəfər ambulator müalicəyə cəlb edilmişdir.
39 saylı tam orta məktəbdə əsaslı təmir işləri həyata keçirilib, yeni dərs ilinə istifadəyə verilmişdir.
Cari ilin ötən dövrü ərzində əlamətdar günlərlə bağlı bir sıra tədbirlər keçirilmişdir.
19 yanvar 2019-cu il tarixdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar rayon tədbiri keçirilmiş və 20 yanvar 2019-cu ildə rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.
01 fevral 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə Nərimanov rayon gənclərinin toplantısı keçirilmişdir.
01 fevral 2019-cu il tarixdə Respublika Veteranlar Təşkilatının sədri general - polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirilmişdir.
07 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü təşkil olunmuşdur.
12 fevral 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhid Arif Vəliyevin anım mərasimi təşkil edilmişdir.
13 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
25 fevral 2019-cu il tarixdə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin 200 nömrəli tam orta məktəbdə rayon ərazisində məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüşü olmuşdur.
26 fevral 2019-cu il tarixdə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar rayon ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə ümumxalq yürüşündə iştirak etmişdir.
Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 2-dən 16-dək həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. 02 mart 2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yarmarkanın fəaliyyəti ilə yerində tanış olaraq müvafiq göstərişlərini vermişdir.
18 mart 2019-cu il tarixdə ATU-nun Tədris Cərrahiyyə Klinikası və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində sağlamlıq imkanları məhdud olan uşaqların sağlamlığlarının qorunması məqsədilə keçirilən xeyriyyə aksiyası çərçivəsində 5 nömrəli Respublika Xüsusi İnternat məktəbinin şagirdlərinin müayinəsi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyaları çərçivəsində 23-26 mart tarixlərində Nərimanov rayonunun nümunəvi şagirdləri Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.
19 mart 2019-cu il tarixdə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında təntənəli bayram tədbiri keçirilmişdir.
Avqust ayında Qurban bayramı münasibəti ilə 1000dən artıq aztəminatlı ailələrə qurban payı verilmişdir.
Yeni dərs ilinin başlanması ərəfəsində Bilik günü münasibəti ilə aztəminatlı 25 ailəyə məktəb ləvazimatı və çantalar verilmişdir.
İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar il ərzində rayonun təhsil müəssisələrində ədəbi-bədii tədbirlər keçirilmişdir.
3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə Nərimanov rayonunun əlil olan vətəndaşları ilə “Mono Liza” restoranında Rayon İcra Hakimiyyətinin rəhbərliyinin nümayəndələrinin görüşü keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun müəssisə və təşkilatlarında tədbirlər keçirilmişdir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2019-cu il ərzində 156 tədbir keçirilmiş, tədbirlərdə 14560 nəfərdən çox uşaq, yeniyetmə və gənc iştirak etmişdir. Tədbirlər əsasən Dövlət Gənclər və İdman Siyasətinin həyata keçirilməsi üçün yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif intellektual oyunları, gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması, Vətənə sevgi hissinin aşılanması üçün görüş və seminarlar, onların zərərli vərdişlərdən uzaqlaşması və sağlam ruhda böyüməsi üçün maarifləndirmə və sair tədbirlər, həmçinin, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üçün bir sıra yarış və çempionatlar keçirilmişdir.
2019-cu il ərzində İdarə tərəfindən 2196 nəfər uşaq, yeniyetmə və gənclər diplom, sertifikat, fəxri fərman, təşəkkürnamə ilə təltif olunmuşlar.
İdarə tərəfindən görülmüş işlər İdarənin rəsmi facebook səyifəsində işiqlandırılmış, qeyd olunan tədbirlər 202254 dəfə baxış olmuşdur.
İdarə kütləvi informasiya vasitələri ilə yüksək səviyyədə iş qurmuş, 2019-cu il ərzində 90-a yaxın tədbir 30 mətbuat orqanında 145 dəfə yayımlanmışdır.
Rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında maarifləndirmə işləri aparılır, zərərli vərdişlərdən uzqlaşdırılır, kütləvi bədən tərbiyəsi və idman yarışlarına cəlb edilir.
2019-cu ilin dekabr ayında “Premier Expo” otelində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirak təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Azərbaycanda bələdiyyə seçkilərində ilk dəfə səs verəcək “Uğurlu gələcəyinə səs ver!” rayon gənclərinin görüşü keçirilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin fəaliyyətinin əsasını əhalinin sosial müdafiəsi siyasətinin həyata keçirilməsi  o cümlədən, qanunvericiliklə müəyyən olunmuş qaydada sosial sığorta yığımı və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının, sosial müavinətlərin, Prezident təqaüdlərinin, əmək pensiyaların, kompensasiyaların təyin edilməsi və ödənilməsini təşkil etmək, tək ahıllara, əlillərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə sosial-məişət xidməti göstərilməsi təşkil edir.
Ünvanlı dövlət sosial yardım təyin edilmiş 213 ailənin 895 nəfər ailə üzvü vardır ki, onlardan da 495 nəfəri (55,31%-i) 18 yaşadək olan uşaqlardır. Bir ailəyə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 201.98 manat, bir ailə üzvünə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 48.18 manat təşkil etmişdir.
Hal-hazırda hərəkətdə 442 ailənin 1853 ailə üzvünə aylıq 89 min manat məbləğində ünvanlı dövlət sosial yardım ödənilir.
Əlavə olaraq şöbə tərəfindən 2019 cu ilin 12 ayı ərzində 24143nəfərə əmək pensiya təyinatına ödənişi aparılmış, onlardan 16586 nəfər yaşa görə, 5826 nəfər əlilliyə görə, 1731 nəfər ailə başçısını itirdiyinə görə və o cümlədən 831 nəfər dövlət qulluğuna görə təşkil edir.
2019-cu ilin on iki ayı ərzində 24143 nəfər əmək pensiyaçılara 83 milyon manat məbləğində pensiya ödənilmişdir. Nərimanov rayon şöbəsi üzrə orta aylıq pensiya 286.70 manat təşkil etmişdir.
2019-cu ilin on iki ayı ərzində şöbədən 5148 nəfərə aylıq sosial müavinət təyinatına ödənişi aparılmışdır.
2019-cu ilin on iki ayı ərzində şöbədən 6670 nəfər Prezident təqaüdü almışdır.
2019-cu ilin on iki ayı ərzində şöbədən 6670 nəfər Prezident təqaüdü alanlara 6 milyon manat məbləğində Prezident təqaüdü ödənilmişdir.
2020-ci ilin yanvar ayının 1-nə şöbədə 90 nəfər tək, ahıl və əlil vətəndaş qeydiyyata alınıb. Onlara şöbənin 20 nəfər sosial işçisi xidmət edir. Sosial xidmətə götürülən hər bir tək ahıl və əlil hərtərəfli qayğı ilə əhatə olunur.
Ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayının 6-da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi (16,6% artırılması) haqqında Sərəncam imzalamışdır.Həmin Sərəncama 22663 nəfər pensiyaçıya şamil edilmiş (orta hesabla hər bir pensiyanın məbləği 44.10 manat artmışdır) və fevral ayında ödənişi tam təmin edilmişdir.
«Ərazi Məşğulluq Prоqramı»nda 2019-cu il ərzində rayоnda Məşğulluq sahəsində dövlət siyasətinin həyata kеçirilməsi müəyyənləşdirilmiş, еləcə də rayоn ərazisində yaşayan qеyri-məşğul əhali sıralarında iqtisadi fəal əhalinin, sоsial müdafiəyə хüsusi еhtiyacı оlan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sоsial müdafiəsinin və məşğulluğunun təmin еdilməsinə köməklik göstərən хüsusi tədbirlər görülmüşdür.
2019-cu il ərzində prоqramın təhlili apraılmış, əldə оlunmuş nəticələr müəyyənləşdirlmiş, görüləcək işlərin istiqamətləri fоrmalaşdırılmışdır.   
Təhlil nəticəsində müəyyən оlunmuşdur ki, 2019-cu ilin 12 ayı ərzində Mərkəzə 1479 nəfər qadın оlmaqla, 3886 nəfər iş aхtaran vətəndaşlar müraciət еtmişdir ki,  оnlardanda 2886 nəfəri müхtəlif iş yеrləri ilə təmin оlunmuşdur.
İşlə təmin оlunan vətəndaşlardan 418 nəfəri fəhlə pеşələri üzrə, 2468 nəfəri qulluqçu vəzifələri üzrə işlə təmin оlunmuşlar.
Hеsabat ili ərzində 36 nəfər kvоta iş yеrləri ilə təmin оlunmuşdur.
Proqrama uyğun olaraq 60 nəfərə işsizlikdən sığorta haqqı təyin edilmişdir.
Hesabat dövrü ərzində 169 işsiz vətəndaş özünü məşğulluq proqramına cəlb olunub,onlardan 129 nəfər təlimləri başa vurmuşdur.
Hesabat dövründə 74 nəfər işsiz və iş aхtaran vətəndaşlar pеşə hazırlığı kurslarına cəlb оlunmuşdur.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2016-cı il tarixli Fərmanına müvafiq olaraq 2019-cu ilin oktyabr ayının 1-dən 10-a dək əhalinin növbəti siyahıyaalınması keçirilmişdir. Rayonumuzda dövlət əhəmiyyətli bu tədbirə idarə, müəssisə və təşkilatların əmək haqqı ödənilməklə 820 nəfər işçi cəlb olunmuşdur.
Görülmüş tədbirlərin nəticəsi olaraq əhalinin siyahıyaalınması vaxtlı-vaxtında və mütəşəkkil qaydada həyata keçirilmiş və yekun sənədləri müvafiq statistika orqanına təhvil verilmişdir.
Hər il olduğu kimi, 2019-cu ildə də Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri  öz fəaliyyətlərini  İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş iş planı əsasında qurmuşlar.
Hər bir nümayəndəlik tərəfindən vətəndaşları narahat edən problemlər qeydə alınır və  müntəzəm olaraq onların həlli istiqamətində müvafiq tədbirlər görülür.  İcra nümayəndəlikləri onların ərazilərində fəaliyyət göstərən MKİS-lərlə qarşılıqlı əməkdaşlıq əsasında küçə və məhəllədaxili ərazilərdə təmizlik və abadlıq işlərinin həyata keçirilməsi üçün lazımi işlər görürlər. Bundan əlavə nümayəndəliklər tərəfindən ərazilərində qanunsuz tikintilərə və ticarətə qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır. 
İcra nümayəndəlikləri tərəfindən rayon ərazisində ölkədə olma və yaşayış qaydalarını pozmuş əcnəbi vətəndaşların müəyyən edilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir.
Rayon İcra Hakimiyyəti başçısının 1, 2  və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının aparılması məqsədi ilə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının dəqiqləşdirilməsi işləri davam etdirilir.
Rayon rəhbərliyi  tərəfindən təsdiq olunmuş qrafikə əsasən 2019-cu il hər həftə RİH başçısının yerlərdə səyyar qəbul və görüşləri  təşkil olunmuşdur.  İl ərzində 49 səyyar qəbul keçirilmiş, 4265 nəfər sakinin iştirak etdiyi qəbullarda 386 nəfərin müraciəti dinlənilmiş, həmin müraciətlərdən 110-u 28,5 %-i həll edilmiş, 276 müraciət isə, yəni 71,5 % qanuna müvafiq qaydada cavablandırılmışdır.
Yerlərdə keçirilən qəbullarda vətəndaşların müraciətlərinin əksəriyyəti küçə və məhəllədaxili yolların təmiri, kanalizasiya, su problemləri, liftlərin, binaların dam örtüklərinin, giriş qapılarının təmiri, pilləkən qəfəslərinin işıqlandırılması, işlə təmin olunması, mənzil şəraitinin yaxşılaşdırılması və sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
2019-cu il ərzində Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın keçirilmiş 24 iclasında 24 məsələ müzakirə olunmuş və məsələlərin icrası ilə əlaqədar aidiyyəti üzrə  qərar və tapşırıqlar verilmişdir. Şura iclaslarında müzakirə olunmuş məsələlərlə bağlı irəli sürülmüş təklif və tövsiyələr əsasında qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  məruzə və nitqlərində  ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların operativ qaydada əhaliyə çatdırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq yüksək hazırlığa, biliyə və nüfuza malik ziyalılardan ibarət yaradılmış təbliğat qruplarının  rayonun idarə, müəssisə və təşkilatlarında, habelə sakinlərin toplaşdıqları yerlərdə həftə görüşlərinin keçirilməsi təmin edilmişdir. 2019-cu il ərzində təbliğat qruplarının keçirdiyi 48 görüşdə 3534 nəfər iştirak etmişdir.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli  30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin  6.8-ci bəndlərini rəhbər tutaraq Nərimanov RİH yanında İctimai Şura yaradılmış və tərkibi təsdiq edilmişdir. İctimai Şuranın mütəmadi olaraq keçirilən iclaslarında bir sıra məsələlər müzakirə edilmiş və  irəli sürülmüş təklif və tövsiyələr əsasında müvafiq tədbirlər həyata keçirilmişdir.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyası  və qanunları əsasında qurulmuş və keçən dövr ərzində idarəçilik sistemində layiqli yer tutmuşdur. Bu dövrdə  yerli özünüidarəetmənin təşkili və fəaliyyəti prosesində yaranan ictimai münasibətləri nizama salan normativ hüquqi aktlar və kifayət qədər qanunlar qəbul olunmuş, əhalinin yerli problemlərinin həllini təmin edən müstəqil, kollegial idarəetmə forması kimi bələdiyyələrin fəaliyyətinə böyük önəm verilmişdir.
23 dekabr 2019-cu il tarixdə Nərimanov rayonunda müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən Bələdiyyə seçkiləri müvəffəqiyyətlə keçmişdir.
Məlumat üçün bildirirəm ki, Nərimanov rayonunda 18 saylı Nərimanov - Nizami, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci Dairə Seçki Komissiyaları  fəaliyyət göstərir.              3 seçki dairəsi  üzrə 84 seçki məntəqəsi mövcuddur. Onlardan 16 məntəqə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə, 35 məntəqə 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə, 33 məntəqə isə 20 saylı Nərimanov ikinci Seçki Dairəsi üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilərə beş gün qalmış rayon ərazisində yerləşən müxtəlif cəzaçəkmə müəssisələrini, hərbi hissələri əhatə edən 3 qapalı məntəqə seçki komissiyaları yaradılmışdır.
Hər 3 seçki dairəsinin dislokasiyası nəzərdən keçirilmiş, seçki  məntəqələrinin şəraiti və texniki vəziyyəti araşdırılmış, seçki dairələri və məntəqələrinin maddi-texniki təchizatı ilə bağlı çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilmişdir.
Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Nərimanov rayonu seçiciləri fəallığı və mütəşəkilliyi ilə seçilmişlər. Nərimanov rayonu üzrə 112419 nəfər seçicinin 34175 nəfəri, yəni       30,4 %-i seçkilərdə iştirak etmişlər. Keçirilən seçkilərdə Nərimanov Bəldiyyəsinə 19 nəfər üzv seçilmişdir. Hamısı ali təhsilli olan bələdiyyə üzvlərindən 8-i, yəni 42,1%-i qadındır, 8 nəfəri 30 yaşa qədərdir. Seçilmiş bələdiyyə üzvlərindən 10 nəfəri, yəni 52,6 %-i Yeni Azərbaycan Partiyasının,  9 nəfəri yəni 47,4% -i isə bitərəfdir.
Nərimanov Bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixdə keçirilən ilk iclasında yeni seçilmiş bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, Bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil-təslim edilməsi üçün komissyanın yaradılması barədə məsələlərə baxılmış, təşkilati məsələlər həll olunmuş, bələdiyyənin sədri, müavinləri, katibi seçilmiş, komissiyalar formalaşdırılmışdır. Hazırda bələdiyyədə 5 daimi komissiya fəaliyyət göstərir.
2019-cu il ərzində RİH-ə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 28 fərman və 23 sərəncam, 16 qanun və 1090ərizə, Nazirlər Kabinetindən 294 sərəncam və 44 qərar, 31 xidməti sənəd, 81 ərizə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatından 39 sərəncam, 95 məktub, 370 ərizə, Milli Məclisdən 40 ərizə, digər respublika təşkilatlarından 165 xidməti sənəd, rayonun idarə, müəssisə və təşkilatlarında 2054 xidməti sənəd və rayon əhalisi tərəfindən isə 1421 ərizə daxil olmuşdur. Aparata daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuşdur. Rayon əhalisi tərəfindən edilmiş müraciətlər təhlil olunmuş və icrasına ciddi nəzarət edilmişdir. 2019-cu il ərzində Nərimanov RİH-də 146 nəfər RİH başçısının qəbulunda olmuş, İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri tərəfindən müəyyən olunmuş qrafik əsasında qəbullar həyata keçirilmiş, şəhid ailələri, müharibə iştirakçıları, əlillər və imtiyazlı şəxslər növbədənkənar qəbul edilmişlər. Eyni zamanda rayon ərazisində səyyar görüşlər təşkil olunmuş, vətəndaşların problemləri ilə yerində maraqlanılaraq müvafiq tədbirlər görülmüşdür. Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olan sənədlərin qeydiyyatı yeni yaradılan vahid elektron informasiya sistemi vasitəsilə aparılır. Bu da vətəndaşlara operativ şəkildə izahatların verilməsi və sənədlərin icrasına vaxtında nəzarət üçün çox əlverişlidir. 2019-cu ilin 12 ayı  ərzində Qaynar xətt-1643” xidmətinə 355 müraciət daxil olmuşdur. Onlardan əksəriyyəti tam həll olunmuş, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Çıxışıma yekun vuraraq bildirmək istəyirəm ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində xeyli işlər görülmüş və bu işlər uğurla davam etdirilir. Heç şübhə yoxdur ki, 2020-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər, tapşırıq və göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə sağ olun!

Keçidlər